Fransadan vasitəçilik “NÜMUNƏSİ”: Qarabağ münaqişəsinin həlli Paris üçün niyə prioritet deyil? – Politoloqun ŞƏRHİ
“Böyük dövlətlərin və beynəlxalq təşkilatların diqqətini Qarabağ münaqişəsinin həllinə yönəltmək üçün işğalçı Ermənistana qarşı hərbi təzyiq artırılmalıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasında sədrliyə başlayan Fransanın bu vəzifədə açıqladığı prioritet istiqamətlər arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yer verməməsini şərh edən politoloq Elxan Şahinoğlu deyib.
Elxan Şahinoğlunun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransa əvvəldən də Qarabağ münaqişəsinə etinasızlığı ilə seçilib:
“Minsk Qrupunun 3 həmsədrindən biri olan Fransadan Dağlıq Qarabağ münaqişəsini BMT-nin gündəminə gətirəcəyini gözləyirdik. Ötən illərdə Fransa Qarabağ münaqişəsinin həllinə yönəlik müəyyən təşəbbüslərlə çıxış etsə də, indi fərqli mövqe tutur.
Fransa BMT Təhlükəsizlik Şurası kimi ali struktura bir müddət rəhbərlik edəcək və çox təəssüf ki, Qarabağ məsələsini qurumun gündəliyinə çıxarmayacaq. Bu, bölgədə vəziyyətin nisbi sabitliyindən irəli gəlir. Təsəvvür edin, 2016-cı il aprel döyüşlərində Minsk qrupunun həmsədrləri və başqa dövlətlər əl-ayağa düşdülər, müharibənin yenidən alovlanacağından ehtiyatlanaraq, vasitəçilik missiyalarını ciddi surətdə yerinə yetirməyə başladılar.
Ancaq növbəti dönəmlərdə bu fəallıq səngidi. Almaniyanın o vaxtki xarici işlər naziri Frank-Valter Ştaynmayer bölgəyə gəldi, müxtəlif fikirlər səsləndirdi, münaqişənin həlli üçün konkret plan təqdim edəcəklərini bildirdi. Lakin atəşkəsin bərpa olunmasından sonra bu məsələ yenə unuduldu. İndi də eyni vəziyyətdir”.
Politoloq qeyd edib ki, böyük dövlətlərin və beynəlxalq təşkilatların diqqətini Qarabağ münaqişəsinin həllinə yönəltmək üçün işğalçı Ermənistana qarşı hərbi təzyiq artırılmalıdır:
“Bütün alətlər öz əlimizdədir. Biz gərək məsələni ciddiləşdirək, işğalçıya təzyiqi artıraq. Bundan sonra bəlkə böyük dövlətlər münaqişənin həllində maraqlı oldular. Biz hərəkətə keçməyənə və düşmənə ciddi zərbələr vurmayana qədər Fransa da daxil olmaqla, fövqəlgüclər və beynəlxalq təşkilatlar münaqişənin həllinə maraq göstərməyəcəklər.
Amma cəbhə xəttində işğalçıya təzyiq artırılsa, inanıram ki, Fransa məsələyə daha ciddi yanaşar. Mövcud vəziyyətdə isə nəinki Fransanın, hətta Rusiya və ABŞ-ın da münaqişənin həll edilməsinə marağı yoxdur”.
Aqil Bəkir