Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyəti Horadiz şəhərinə və Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Yeniçağ.Az-a verilən məlumata görə, öncə Cocuq Mərcanlı kəndinə gələn nümayəndə heyətinə ermənilərin işğal olunmuş ərazilərdə törətdikləri vəhşiliklər, Azərbaycan prezidentinin kəndin bərpası haqqında Sərəncamına əsasən ərazidə aparılan minalardan təmizləmə və tikinti işləri barədə məlumat verilib.
Bildirilib ki, işğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçiriləcək. Növbəti mərhələdə isə 150 evin və digər infrastrukturun tikintisi və bərpası nəzərdə tutulur. Kənddə aparılan tikinti-quruculuq işlərini müşahidə edən Fransa nümayəndə heyəti münaqişənin sülh yolu ilə həllinə ümid bəslədiklərini bildiriblər.
Sonra Horadiz şəhərinə gələn nümayəndə heyətinə Ermənistan silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və minaatanlardan da istifadə etməklə atəşkəs rejimini pozmaları barədə məlumat verilib. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, düşmən atəşlərinə baxmayaraq, rayonda həyat öz axarı ilə davam edir. Sakinlər gündəlik məişət qayğıları və təsərrüfat işləri ilə məşğul olurlar. Diqqətə çatdırılıb ki, Cocuq Mərcanlı kəndi kimi, Horadiz şəhəri də Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunaraq dağıdılıb. 1994-cü ildə şəhər işğaldan azad edildikdən sonra burada geniş bərpa-yenidənqurma, abadlıq-quruculuq işləri aparılıb. Görülən işlər sayəsində Horadiz bu gün gözəlliyi ilə seçilən abad bir şəhərə çevrilib. İndi Horadiz Fransanın Altkirch şəhəri ilə qardaşlaşmış şəhərdir.
Yeniçağ.Az