Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə “Fransanın Afrikada neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilib.
Yenicag.az xəbər verir ki, tədbirdə Seneqal, Burkina Faso, Kamerun, Qvineya Bisau, Konqo Demokratik Respublikası, Mavritaniya, Zimbabve, Nigerdən, həmçinin Mayotta adasından olan nümayəndələr iştirak ediblər.
Konfransın məqsədi Fransanın Afrikadakı neokolonial siyasətinin aktual məsələlərini və onun bu dövlətlərin sosial-iqtisadi inkişafına təsirini müzakirə etmək idi.
Tədbir çərçivəsində iştirakçıların öz təcrübələrini bölüşdükləri, müstəmləkəçiliyin nəticələri ilə mübarizə yollarını müzakirə etdikləri və Afrika ölkələrinin qlobal siyasətdə mövqelərini gücləndirmək üçün beynəlxalq əməkdaşlığın zəruriliyinin vurğulandığı üç panel iclas keçirilib.
Müstəmləkə keçmişini nəzərə alaraq Afrika dövlətləri üçün mərkəzi məsələlərdən biri olaraq qalan suverenlik mövzusuna xüsusi diqqət yetirilib.
Moderatorlar və iştirakçılar vurğulayıblar ki, beynəlxalq aktorlar Afrika ölkələrinin tam suverenliyinə nail olmaqda mühüm rol oynaya bilərlər. Bildirilib ki, Afrika zəngin təbii sərvətlərə və inkişaf potensialına baxmayaraq, iqtisadi müstəqillik yolunda maneələrlə üzləşməkdə davam edir.
Beynəlxalq konfransın iştirakçıları Fransanın və bir sıra digər ölkələrin müstəmləkəçilik siyasətinə qarşı mübarizədə BTQ-nin fəaliyyətinin əhəmiyyətini və məhsuldarlığını vurğuyıblar.
Sonda iştirakçılara BTQ-nin cari ildəki fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş etdirilib./Report/