“Fransanın “Charlie Hebdo” jurnalının Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı “Tanklara ehtiyac qalmadı” başlıqlı karikaturası ümumilikdə dünya mediasına böyük utanc gətirən davranışdır. Bu jurnalın Türkiyədə yaşanan dəhşətli faciəni məsxərəyə qoyması insanlıqdan çox-çox uzaqdır və bütün mənəvi dəyərlərin, hüquqi şərtlərin, jurnalistika prinsiplərinin tapdanmasıdır”.
Bu fikirlər “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sözügedən karikatura ilə bağlı beynəlxalq jurnalist təşkilatlarına müraciətində öz əksini tapıb.
İctimai Birlikdən verilən məlumata görə, müraciətdə deyilir ki, “Charlie Hebdo” jurnalının “fikir azadlığı” adı altında bu cür irqçi, nasist ruhlu, olduqca təhlükəli fəaliyyəti, əslində, rəsmi Parisin türk-müsəlman dünyasına qarşı yönələn qərəzli siyasətinin nəticəsidir: “Düşünürük ki, “Charlie Hebdo” jurnalının insanlıqdan və media dəyərlərindən tamamilə uzaq olan bu davranışının arxasında məhz türk düşmənliyi, islamofob mahiyyət dayanır. Bu insanlıqdan kənar addım, həmin karikaturanın müəllifi, onun yayılmasına icazə verən, ümumiyyətlə bu cinayətdə əli olan kimlər varsa beynəlxalq qınağa tuş gəlməlidir”.
Müraciətdə, “Biz, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) olaraq bu iyrənc olayı pisləyir və beynəlxalq media təşkilatlarına da jurnalın bu əməlinin pislənməsi üçün müraciət edirik. Beynəlxalq jurnalist təşkilatları “Charlie Hebdo” jurnalından yol verdiyi bu qeyri-insani əmələ görə üzr istəməsini tələb etməlidir. Həmçinin, hesab edirik ki, “Charlie Hebdo” jurnalı insan haqlarına, insani dəyərlərə zidd bu addımına görə beynəlxalq hüquq çərçivəsində də cəzalandırılmalıdır. Çünki bu cinayətin cəzasız qalması gələcəkdə oxşar cinayətlərin törədilməsinə səbəb ola bilər” deyə qeyd edilib.