“Makron nə qədər hakimiyyətdədirsə, o qədər qeyri-ciddi addımları görəcəyik”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Fransanın Azərbaycandakı səfiri geri çağırması və yenidən Azərbaycana göndərməsini şərh edən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.
Elşad Musayev bildirib ki, Azərbaycan Fransadan daha ağıllı davrandı.
“Aydın görünür ki, Fransa ermənilərdən çox ermənilik edir. Azərbaycana hər vasitə ilə təzyiq etmək istəyir. Biz bunu müxtəlif müstəvilərdə görürük. Bundan əvvəl Xankəndi ermənilərin nəzarətində olanda ora ilə bağlı addımlarını unutmamışıq”, – deyə o bildirib.
Partiya sədri deyib ki, səfirin geri çağırılması təzyiq üsullarından biri idi:
“Təəssüflər olsun ki, Fransa kimi dövlətin başında Makron kimi qeyri-ciddi bir adam durur. Makron nə qədər hakimiyyətdədirsə, bu cür addımları görəcəyik. Azərbaycan müstəqilliyini daha gec qazansa da, Fransadan daha ağıllı davrandı, nə səfirimizi geri çağırdıq, nə əlavə bir hərəkətə yol vermədik. Fransanın təzyiqi effekt vermədi, ona görə də geri göndərdi. Azərbaycan öz yolu ilə getməlidir, qeyri-ciddi addımlara cavab verməməlidir”.
Səxavət Məmməd