Fransızsayağı “söz azadlığı”: Durovun həbsinə sifarişdə Vaşinqton İZLƏRİ – Rəsul Mirhəşimli yazır

 

“Telegram”ın təsisçisi və baş direktoru Pavel Durov Fransa hakimiyyəti tərəfindən saxlanılıb. Məlumata görə, Fransanın “L’Office Mineurs” (OFMIN) (yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərə nəzarət edən agentlik) “Telegram”da ilkin araşdırma çərçivəsində axtarış elan edib.

Bu axtarışın nəticəsi olaraq, Durov təyyarə ilə Fransaya enən kimi dərhal saxlanılıb.
“Telegram”ın təsisçisi və baş direktoru Pavel Durovun saxlanılması ilə bağlı araşdırmalar davam edir. Məlumata görə, Durova qarşı irəli sürüldüyü iddia edilən ittihamlar dələduzluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kiber zorakılıq və mütəşəkkil cinayətlərdən ibarətdir. Bu ittihamlar Fransa hakimiyyətinin “L’Office Mineurs” (OFMIN) agentliyi tərəfindən aparılan araşdırma nəticəsində “ortaya çıxıb”. İrəli sürülən iddiaların siyasi səbəblərdən olduğu açıq-aşkar görünsə də, Durovun saxlanılması bu ittihamlarla bağlı olduğu irəli sürülür və onun barəsində hüquqi proseslər davam edir.
Pavel Durovun həbsinə nəzər saldıqda ortaya maraqlı bir detal çıxır. Onun bir zaman verdiyi müsahibələrinə diqqət etsək, “Telegram” sahibinin həbsi ilə bağlı hadisələrin arxasında ABŞ-ın sifarişinin olduğu ehtimalı görünür. Hələ bir müddət əvvəl Durov müsahibələrinin birində bildirmişdi ki, “Telegram” platforması bir neçə dəfə ABŞ-ın Federal Təhlükəsizlik Bürosu (FTB) və digər təhlükəsizlik agentliklərinin arzuolunmaz marağı ilə üzləşib. Bu açıqlama Durovun həbsinin yalnız Fransa hakimiyyətinin deyil, eyni zamanda, ABŞ-ın təzyiqlərinin nəticəsi olma ehtimalını gündəmə gətirir.

Durov bildirib ki, ABŞ-a etdiyi son səfər zamanı oradakı rəsmilər onun mühəndislərindən birini işə götürməyə cəhd ediblər. Bu hadisə, “Telegram” rəhbərliyinə qarşı edilən təzyiqlərin bir hissəsi kimi qiymətləndirilə bilər. Durovun həbsi ilə bağlı ortaya çıxan bu detallar, ABŞ-ın platforma üzərində nəzarət və təsir yaratmağa çalışdığı ehtimalını daha da gücləndirir.

“Kibertəhlükəsizlik işçiləri və ya agentləri tərəfindən gizli şəkildə mühəndisi işə götürmək cəhdi olub. Onlar “Telegram” tətbiqinə hansı açıq mənbəli kitabxanaların inteqrasiya olunduğunu öyrənmək istəyirdilər və onu arxa qapı rolunu oynayacaq bəzi açıq mənbə alətlərindən istifadə etməyə inandırmağa çalışırdılar”, – deyə Durov bildirib.

Durovun bu dediklərindən aydın olur ki, ABŞ “Telegram” platformasına daxildən nəzarəti ələ keçirmək istəyib, bu cəhd alınmadıqda isə onu həbs etmək məsələsi gündəmə gəlib. Bu deyilənlər həbsin sifarişinin də Vaşqintondan gəldiyini açıq bəlli edir.
Pavel Durovun həbsi və “Telegram” platforması ilə bağlı təfərrüat hələ tam şəkildə məlum deyil və rəsmi qurumlar hələ ki məlumatları açıqlamaq istəmir. İndiyədək olan məlumatlar yalnız onun saxlanılması və ittihamların xarakteri ilə bağlı ilkin məlumatları əhatə edir. Lakin məsələ ilə bağlı araşdırmalar davam edir və gələcəkdə yeni detalların ortaya çıxması gözlənilir. ABŞ-ın bu hadisədə rolunun olub-olmaması Durovun daha əvvəl verdiyi müsahibələrdəki açıqlamaları kontekstində diqqət çəkir. Həbsin detalları ilə bağlı informasiyalar tam şəkildə üzə çıxdıqdan sonra bu həbsin siyasi motivli həbs olduğu da məlum olacaq.

Şübhəli məqamlardan biri də Durovun həbsindən sonra Avropanın insan hüquqları təşkilatlarının və demokratiya, ifadə və söz azadlığından danışanlar susub. Əgər demokratiya dəyərlərinə hörmət Qərb tərəfindən meyar kimi müəyyən edilibsə, onda “X” və “Meta” rəhbərliyi də həbs edilməlidirmi? Demək, sosial şəbəkələrə nəzarət mexanizmi Qərbin müəyyən siyasi dairələrinin əlində olanda bu platformaların sahibləri sərbəst şəkildə hərəkət edə bilirlər. Bu həbs Avropanın ikili standartlarla iş tutduğunu bir daha ortaya qoyur. Görünən budur ki, demokratiya dəyərləri, xüsusən də ifadə azadlığı və insan hüquqları, fərqli ölkələrdə fərqli şəkildə tətbiq olunur. Qısası, hər bir hadisə öz kontekstində qiymətləndirilməlidir, Durovun həbsinə diqqət etdikdə həbsin siyasət üzərindən həyata keçirildiyi görünür.

Dünyaya insan hüquqları dərsi keçən Avropa İttifaqı üzv ölkə olan Fransanın bu cür represssiv addımlarına niyə sakit qalır? Avropa İttifaqı niyə susur, bu hadisə ilə bağlı heç bir açıqlama vermir? Fransanın və ümumilikdə Avropa İttifaqı (Aİ) ölkələrinin insan hüquqları və repressiv tədbirlərlə bağlı mövqeləri olduqca anlaşılmazdır. Həbsin ilk anından bu həbslə narahatlıqlar ifadə olunmalı idi. İkili standart yenə özünü göstərdi. Görünür, söz və ifadə azadlığı məsələsi Qərbin öz siyasətini həyata keçirməsi üçün yalançı bəyanatlaran başqa bir şey deyilmiş.

Avropa və bu regiondakı beynəlxalq təşkilatlar kimi, ABŞ Dövlət Departamenti də susur. Azərbaycanda belə hal baş versəydi, artıq bəyanat verməmiş bir Qərb rəsmi dairəsi, institutu qalmamışdı.

Bəli, “Telegram”da bır sıra məqamlar narahatedicidir. Amma insan hüquq azadlıqlarına hörmət, biznes prinsiplərinə riayət olunması tələbi belə repressiv metodlarla tənzimlənməməlidir. Ən azından, Qərb özünün bəyan etdiyi prinsiplərə sadiqlik nümayiş etdirməlidir. Bu olmayınca, ABŞ, Aİ hər hansı bir ölkədə bu və ya digər hadisəyə demokratiya və insan hüquqları kontekstində münasibət bildirməkdə haqsız olacaq.

COP29