Frans(u)a sindromu

img1730101(Birinci yazı)
Əslində, 2014-cü ilin hərbi obrazını yaratmaq istəyim bu günədək rast gəlmədiyimiz bir sıra qabarıq fərqliliklərdən qaynaqlanır. Fərqlilik isə bütün hallarda özündə mövqe dəyişikliyini ehtiva edir.
İnformasiya məkanı üçün səciyyəvi sayılan dinamiklik tez-tez qırmızı xətti keçən koordinatları müəyyənləşdirməkdə konkret problemlər yaradır.
Ancaq media qarşısında yüz səksən dərəcə açılan iti və kor bucaqlar bətnində gizlətdiyi bütün qeyri-müəyyənlikləri müəyyən hala gətirməklə bir sıra gizlinlərin-məchulların da astarını üzünə çevirir: informasiyanın alınması, emalı və yönləndirilməsi hər kəsin qulpundan yapışa biləcəyi bir iş deyil…
***
Beləliklə, həqiqi informasiya və informasiya daşıyıcılarını üzərində partladıcı gəzdirən kamikadze obrazında şifrələmək günümüzün qaçılmaz zərurətinə çevrilməkdədir: onu vaxtında fiksə etmək, zərərsizləşdirmək və xilaskara çevirmək bütün aktiv fazalarda həyati xarakter daşıyır.
Zərurətdə əxlaq kodeksinin, obyektivliyin özünəməxsus yeri və əhəmiyyəti də danılmazdır. Görülən iş insanlıq və humanizm prinsipləri ilə cilalanmayanda effektini itirir və əks təsir göstərir.
O üzdən bəzi KİV məkanlarının şou meydanına çevrilməsinə – enerjinin it(iril)məsinə sevinmədiyim kimi, “qonşumuzun” 20 Yanvar şəhid(lər)ini türklər tərəfindən öldürülmüş erməni(lər) obrazında, özü də beynəlxalq arenada tirajlamasına da təəccüblənmədim. Çünki normal təfəkkürlü insanın “liluputlar ölkəsində” yaşamaq və dünyasını dəyişənlərin haqqına girmək istəyi sağlam məntiqə və əxlaqa söykənmir. Əxlaqsızlıq isə bütün hallarda ikrah doğurur…
***
Əxlaq demişkən, son günlərin siyasi şou mərkəzinə çevrilmiş (yəqin buna görə də ən çox izlənən) Fransasını da əsl həqiqət və reallıqla, əsl cinayət və cəza ilə üz-üzə gəlmək baxımından ideal məkan saymıram. Milyardlarla insanın and yerini, istinad nöqtəsini bütün dünyanın gözü qarşısında vəhşicəsinə təpikləmək və buna söz, vicdan azadlığı adı altında haqq qazandırmaq Avropanın göbəyində oynanan əsl tragikomediyadır, faciə deyil.
Əsl faciə insan qanında boğulan iyirmidən çox müsəlman dövlətində, o cümlədən mənim ölkəmdə yaşanır. Torpaqlarımızın 20 faizdən çoxunun işğalı və bu işğal zamanı on minlərlə dinc insanın erməni silahlıları tərəfindən ən iyrənc şəkildə təcavüzə məruz qalması, həm də müasir Avropa Frans(u)asının “möhtəşəm diplomatik uğurudur”.
Çünki həmişə olduğu kimi, o dövrlərdə də Frans(u)anı haqqı tapdanan xalqla deyil, işğalçı Ermənistan dövləti ilə çiyin-çiyinə, özü də “xaç atası” simasında gördük. Yad torpaqlarına təcavüz etmiş bir ölkəyə – Ermənistana siyasi və mənəvi dəstək verən Frans(u)a, bununla da, cinayət və cinayətkarla ortaq mövqe sərgiləmiş oldu.
Nəticədə, bütün ictimai, siyasi təşkilatların rollar şəbəkəsindən ibarət olduğunu nəzərə almağımız, bizim üçün strateji əhəmiyyət daşıyan ROL GÖZLƏMƏLƏRİni növbəti dəfə tarixin ironiyasına çevirdi; qarşılıqlı təsir və münasibətlər sisteminin tənzimlənməməsi, rollararası konfliktləri daha da dərinləşdirdi.
Unutmayaq, ROL KONSEPSİYASI (şəxsiyyətin özünə və siyasi qrupdakı yerinə münasibəti – İ.R.) intellektual səviyyə, emosional mədəniyyət, iradi keyfiyyət və nəhayət, anatomik xüsusiyyətlərlə cilalanır.
O üzdən oynanılan tragikomediyada məmur mundiri geyinmiş siyasilərin baş qəhrəman obrazında “zühuru” ilə müasir Avropa Frans(u)ası sosial PERSEPSİYAnı (insanların bir-birini səmimi qavramasını – İ.R.) o qədər kosmik sürətlə arxada qoydu ki:
a) onu APPERSEPSİYA məkanından qoparıb, qismən də olsa, yenidən əvvəlki mövqeyinə qaytarmaq müşkülə çevrildi;
b) səhnədə İsrail rəsmilərinin başqalarından tamamilə fərqli görkəmdə (cangüdənlərinin əhatəsində) görünməsi isə müsəlmanlara və müsəlman dünyasına qarşı mənəvi terror, mənəvi təzyiq anlamına gəldi.
Bu, artıq mövqe savaşı deyil! Öldürülmüş insan(lar)ın PEYĞƏMBƏR(LƏR)inə və ALLAH(IN)a qarşı cihaddır…
***
Radikallıq təbiətimə yaddır. Həyata və dünyaya münasibətim milyonlarla müsəlmanın mövqeyini bölüşür: söz və vicdan azadlığımı bəşəri əxlaqa, bəşəri dəyərlərə xidmətdə tapıram. İnamım inanclılara, dinim dindarlara rəğbət tələb edir.
Həyat fəlsəfəmdə nə terrora yer var, nə də terrorçulara.
Dinimə çamur atanları, dininə bəslədiyim hörmətlə cəzalandırıram. Ancaq Tanrı elçisinin şərəf və ləyaqətini qoruyanları – PEYĞƏMBƏR ŞƏHİDLƏRİni də qınamağa söz tapmıram. Çünki onları bu addımı atmağa təhrik edənlər, əsl cinayətkarlar dünyaya söz və vicdan azadlığının keşikçiləri – qəhrəman kimi təqdim olunurlar.
Mən belə əxlaq tanımıram…
***
Özünüifadənin ali məqamında Avropa, düşüncələrimin nizamını pozan növbəti bir hadisənin şokunu yaşadır:
“Charlie Hebdo” hadisəsi ilə silkələnən Fransa növbəti gün 4 nəfərin ölümün ilə nəticələnən digər basqına səhnə oldu. Bu basqın sadə bir müsəlman gəncinin timsalında İslamı və müsəlmanları bütün dünyaya tanıtdı.
Bu vaxt Frans(u)a hələ də dini dəyərlərimizi təpikləməkdə – Peyğəmbərimizi aşağılayanlara dəstək verməkdə idi.
Müsəlman gənc bir yəhudi(!) marketinə təşkil edilən silahlı hücum zamanı 15 nəfərin həyatına, bu dəfə qatil simasında deyil, əsl valideyn obrazında öz möhtəşəm imzası ilə möhür vurdu.
Ancaq yenə də ROL GÖZLƏMƏLƏRİmizə qapı açılmadı. On iki nəfərin ölümünə görə sərgilənən sərt reaksiya 15 nəfərin xilasına göstərilən münasibətlə müqayisədə son dərəcə cılız, ikibaşlı və qeyri-səmimi təsir bağışladı.
Çünki Peyğəmbərimizi təhqir edənlərdən ötrü qiyama qalxan Frans(u)a, əslində müsəlman gəncə təşəkkür etməməli idi, əksinə, Peyğəmbəri aşağılayanlara görə ondan – müsəlmanlardan üzr istəməli idi…
Mən hələ təkəbbürlü İsrail rəsmilərini demirəm. Söruşmuram ki, Fələstində öldürdüyünüz minlərlə körpənin qanını niyə əllərinizdən yumadan səhnəyə çıxmışdınız! Qüdsdə dinc insanlara qarşı tətbiq etdiyiniz “güc”, axıtdığınız qan bəs deyilmi? İndi də Parisdə öz zorunuzu “cangüdən”lərinizin simasında obrazlaşdırırsınız!..

***

Suallarımın bir qismini sonraya saxlayıb yenidən Frans(u)aya qayıdıram.
O Frans(u)aya ki, dünya nizamına görə daşıdığı məsuliyyətə, hələ də, yiyə durmaq istəmir;
O Frans(u)aya ki, ən azı Minsk Qrupunun həmsədri kimi sərgilədiyi münasibətin fərqində deyil;
O Frans(u)aya ki, dinimizi aşağılayanlara, bu xüsusda canfəşanlığı ilə seçilən işğalçı Ermənistana mənəvi və siyasi dəstəyini əsirgəmir; Və bununla, həm də Azərbaycanı hər ötən ayı, hər ötən ili büsbütün hərbi libasda keçirməyə vadar edir…

COP29