Frenk Elkapone adı ilə məşhur olan azərbaycanlı biznesmen Füzuli Məmmədov təşviş içindədir.
Yenicag.az xəbər verir ki, oliqarxın qardaşı Fərhad Məmmədovun saytımıza verdiyi müsahibə onun ciddi şəkildə narahatlığına səbəb olub.
Qısa arayış olaraq bildirək ki, Fərhad Məmmədov müsahibəsində (buradan oxu) Elkaponenin iç üzünü açıb, ona qarşı amansız münasibətindən danışıb. Bildirib ki, Elkaponeni doğma qardaşını aldadaraq birgə qurduqları biznesdən gələn milyonları mənimsəyib, bundan sonra isə öz ailə üzvünə qapını göstərib.
Məhz bu müsahibədən sonra Füzuli Məmmədov əl-ayağa düşərək, himayəsində saxladığı adamlara göstəriş verib ki, eksklüziv müsahibəmiz Yenicag.az-la yanaşı, istinadla yayımlayan saytlardan silinsin. Bu işdə dostluq etdiyi vəzifəli şəxslərin dəstəyindən də istifadə edən Füzuli Məmmədov digər saytlardan yazıların silinməsinə nail olub.
Mənbə onu da bildirir ki, Elkapone müsahibədən sonra doğma qardaşına qarşı təzyiqləri daha da artırıb. Bu dəfə o, yaxın qohumlarına üz tutub ki, mətbuatda Fərhad Məmmədova qarşı müsahibə və açıqlamalar versin. Qardaşı əleyhinə çıxış edəcək yaxın qohumlarının hər birinə 1000 ABŞ dolları “mükafat” söz verilib.
Aydın məsələdir ki, bu vasitə ilə Füzuli Məmmədov özünü təmizə çıxarmaq niyyətindədir. Buna görə də, o doğmalarını belə pulla satın almaq istəyir. Çünki müsahibənin təkzib olunması üçün başqa çıxış yolu yoxdur.
Məsələ ilə bağlı Fərhad Məmmədovdan münasibət öyrənməyə çalışsaq da, o, bu barədə danışmaq istəmədiyini, hələlik, gözləmə mövqeyində olduğunu bildirdi.