ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) ölkənin keçmiş prezidenti Donald Trampın evində axtarış aparır.
Yenicag.az xəbər verir ki, bu barədə Trampın tərəfdaşlarının “Twitter”dəki səhifəsində dərc olunmuş bəyanatında deyilir.
“Florida ştatının Palm Biç şəhərindəki Mar-a-Laqo iqamətgahındakı gözəl evim hazırda axtarış aparan FTB tərəfindən mühasirəyə alındığı üçün millətimiz üçün həqiqətən qaranlıq dövrlər başlayır”, – deyə Tramp yerli nəşrlərdən birinə bildirib.
“The New York Times” vəziyyətlə tanış olan mənbələrə istinadən yazır ki, FTB Trampın evində eks-prezidentin Ağ Evi tərk etdikdən sonra özü ilə apardığı sənədlərə görə axtarış aparır. Qəzetin yazdığına görə, sənədlərdə məxfi məlumatlar ola bilər.
Nəşr bildirir ki, ABŞ Milli Arxivi bir neçə ay ərzində 15 qutu sənədin geri qaytarılmasını tələb edib və bu sənədlərin məhv edilməsi təhlükəsi olduğuna görə FTB-yə müraciət ünvanlayıb. Qəzet yazır: “Cənab Tramp prezidentliyi dövründə hökumət arxivlərində saxlanılması nəzərdə tutulan rəsmi sənədləri məhv etməklə məşhurdur”.
Trampın sözlərinə görə, axtarış barədə ona heç kim məlumat verməyib. O deyib ki, axtarış əhəmiyyətsiz olub. Tramp FTB-ni prosedurları pozmaqda, radikal-solçu demokratları (ABŞ Demokratik Partiyası) isə hüquq-mühafizə orqanlarından silah kimi istifadə etməkdə ittiham edib. Sabiq dövlət başçısı deyir ki, demokratlar onu 2024-cü il prezident seçkilərində istəmirlər.