Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna diversantlarının Krımın rəhbəri Sergey Aksyonovun avtomobilinin partladılmasının qarşısını aldığını bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilir ki, hücum cəhdi Ukraynanın xüsusi xidmət orqanları təşkil edib. Rusiya təhlükəsizlik qüvvələri SBU tərəfindən işə götürülən 1988-ci il təvəllüdlü Rusiya vətəndaşını saxlayıb. FTX bildirib ki, şəxs Ukrayna ərazisində kəşfiyyat və təxribat fəaliyyəti, o cümlədən mina partlayıcıları üzrə təlim kursu keçib.
O, Aksyonovun avtomobilini partlatmaq niyyətində olub, lakin gizləndiyi yerdən partlayıcı qurğunun götürülməsi zamanı Rusiya xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.Hücum edən şəxsə qarşı terror aktına cəhd və qanunsuz olaraq partlayıcı qurğu saxlama maddələri ilə cinayət işi başlanıb. O, hazırda həbsdədir.
FTX-nın məlumatına görə, saxlanılan şəxs etiraf edib.