AFFA-nın sabiq prezidenti Fuad Musayev “Şəfa” stadionunun Bakının “İnter” klubuna 4 milyon 250 min manata satılması haqda federasiyanın baş katibi Elxan Məmmədovun verdiyi son açıqlamaya münasibət bildirib.
Arenanın ərsəyə gəlməsində müstəsna xidmətləri olmuş F.Musayev bu rəqəmin onda şübhə doğurduğunu bildirib. O, “Futbol +” qəzetinə müsahibəsində deyib: “Bu sövdələşmədən ağlım bir şey kəsmədi. Bu boyda arena necə 4 milyon 250 minə satıla bilər? Nə olsun ki, bura stadiondu, ordan ancaq idman məqsədiylə istifadə ediləcək?! Sizə adi nümunə göstərim.
Eşitdiyimə görə, “Xəzər Lənkəran”ın stadionu 15 milyon dollara başa gəlib. İş adamı Mübariz Mənsimov öz cibindən bu qədər pul xərcləyib. Lənkəranda stadionu tikmək baha başa gələr, yoxsa Bakıda? Əlbəttə ki, paytaxtda. Çünki Bakıda torpaq yeri və işçi qüvvəsi qat-qat bahadı. Belədə “Şəfa”nın 4 milyon 250 minə satılması nə dərəcədə realdı? Bunlar yəqin stadiona qiymət qoyarkən onun neçəyə başa gəlməsini nəzərə alıblar. Etiraf edirəm, “Şəfa”nın araya-ərsəyə gəlməsinə o vaxtkı qiymətlərlə 4 milyon 500 min dollar xərcimiz çıxdı. Daha fikirləşmirlər ki, o vaxtın qiymətlərilə (2000-ci il – red.) indikini müqayisə etmək düzgün deyil. Bütün bunlar savadsızlıqdan irəli gəlir. Təkcə bir örtüyün azı 500 min dollara dəyişdirildiyini nəzərə alsaq, o boyda stadiona belə ucuz qiymət qoymaq ağılsızlıqdı”.
F.Musayev əlavə edib ki, bu yaxınlarda Latviyada “Şəfa”ya bənzər stadion tikilib: “Həmin arenanı tikən adamla münasibətim var. Sonuncu dəfə mənimlə danışanda dedi ki, yeni tikdirdiyi arenaya 10 milyon dollar xərcləyib. AFFA rəhbərliyi ictimaiyyəti aldatmasın”.