Dövlət Turizm Agentliyi ilə bağlı mətbuatda yayılmış informasiyalardan belə məlum olur ki, qurumun məsul əməkdaşı ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan məlumatları tamah və ya başqa məqsədlərlə kənar şəxslərə ötürüb. Əgər əməl konkret bu həcmdə və bu motivdə olubsa, bu, Cinayət Məcəlləsinin 202.2-ci maddəsi ilə (Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri olan məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsi və ya yayılması külli miqdarda ziyan vurmaqla törədildikdə) məsuluyyət yaradır.
Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Daşqın Qənbərov Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin şiddətli töhmət almasının səbəbləri haqda mediada yayılan məlumatı şərh edərkən deyib.
Onun sözlərinə görə, əgər bu əməllə yanaşı vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərin hüdudlarından kənara çıxan hərəkətlər edilibsə və bu hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərin, dövlətin və cəmiyyətin qanunla qorunan hüquq və mənafeləri zərər çəkibsə, onda bu əməl Cinayət Məcəlləsinin 309-cu maddəsinin (Vəzifə səlahiyyətlərini aşma) təsiri altına da düşə bilər:
“İstintaq zamanı müəyyən edilsə ki, şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirri təşkil edən məlumatlar yayılıb – əgər əməldə dövlətə xəyanət əlamətləri yoxdursa – onda daha bir məsuliyyət yaranır, “dövlət sirrini yayma” (Cinayət Məcəlləsinin 284-cü maddəsi).
CM-in 202.2-ci maddəsi iki ilədək həbs, 309.1-ci maddə 3 ilədək həbs, 284-cü maddəsi 8 ilədək həbs nəzərdə tutur – işin hallarından asılıdır. Əgər istintaq zamanı qeyd edilən əməldə dövlətə xəyanət əlamətləri də aşkar edilərsə, cəza tədbirləri daha ağır olacaq, çünki bu, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə məsuliyyət yaradır və burada cəza 12 ildən 20 ilə qədərdir”.
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev Prezidentin sərəncamı ilə şiddətli töhmət alıb. Mediada yayılan iddialara görə, Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər.
Ötən gün Fuad Nağıyevin istintaqa çağırıldığı haqda məlumat yayılıb.