“Böyük ehtimalla yaxın perspektivdə BMT formatında dəyişikliklər həyata keçiriləcək və təşkilat daha çox birgə humanitar missiyaları planlaşdıran quruma çevriləcək”.
Bu fikirləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin Kiyev səfəri zamanı Rusiyanın şəhəri bombalaması, beynəlxalq münasibətlərdə bütün qırmızı xətlərin keçilməsi və BMT-nin gələcək taleyini şərh edən politoloq Zaur İbrahimli Yenicag.az-a açıqlamasında səsləndirib.
Zaur İbrahimli bildirib ki, faktiki olaraq BMT-nin qərarları heç kim üçün məcburi qüvvəyə malik deyil:
“BMT İkinci Dünya Müharibəsindən sonra yaranmış yeni dünya nizamının məhsuluydu. Təşkilat ötən əsrin 90-cı illərinin sonuna qədər beynəlxalq münasibətlər sistemində bir sıra oyun qaydalarının müəyyənləşməsi, həmçinin beynəlxalq hüquq prinsiplərinə, ən azı, formal baxımdan əməl edilməsində əhəmiyyətli rol oynayırdı. Bununla belə, SSRİ süquta uğradıqdan sonra təşkilatın əsas qərarverici orqanında qüvvələr nisbəti dəyişdi, sovetlər ölkəsinin hüquqi varisi artıq Təhlükəsizlik Şurasının ən zəif üzvünə çevrildi. ABŞ əsas lider kimi artıq yeni şəraitdə Moskvanın vetosundan asılı vəziyyətdə qalmaq istəmirdi, məhz 2003-cü ilin mart ayında Vaşinqton İraqa BMT-nin sankiyası olmadan müdaxilə etdi. Beləliklə, BMT-nin yeni geosiyasi reallıqda əvvəlki təsir imkanlarına malik olmadığı bir daha nümayiş olundu.
Həmçinin BMT-nin qəbul etdiyi qətnamələrin icrasının yalnız Təhlükəsizlik Şurasının üzvlərinin istəyi ilə mümkün olduğunu da hər kəs gördü. İstər ərəb-İsrail münaqişəsi, istərsə də Qarabağ münaqişəsi ilə bağlı qətnamələr masa üzərində qaldı. Həmçinin BMT-nin maliyyələşməsində əsas pay ABŞ və Qərb ölkələrinə məxsusdur, buna görə onlar təşkilatın idarə olunmasına ciddi təsir edə bilirlər. Bu isə ciddi narazılıq yaradır, xüsusən Rusiya və Çində, inkişaf etməkdə olan digər ölkələrdə, həmçinin Türkiyədə.
BMT-nin indiki formatı regional oyunçuları Təhlükəsizlik Şurasının üzvlərindən asılı saxlamağa hesablanıb, məhz buna görə Türkiyə Prezidenti qeyd edirdi ki, dünya beşdən böyükdür. Ukrayna hadislərini BMT-nin yenidən format olunması prosesinin katalizatoru hesab etmək olar. Rusiyanın Ukraynaya işğalçı hücumu göstərdi ki, təşkilat de-fakto və de-yure öz missiyasını yerinə yetirə bilmir, çünki BMT-nin gücü onun Təhlükəsizlik Şurasının üzvləri arasında qüvvələr nisbətinin tarazılığından qaynaqlanırdı. İndi bu prinsip pozulub və faktiki olaraq təşkilatın qərarları heç kim üçün məcburi qüvvəyə malik deyil”.
Səxavət Məmməd