“Düşünürəm ki, budəfəki matç da çox maraqlı olacaq, çünki, oyunun “Santyaqo Bernabeu” stadionunda keçirilməsinə baxmayaraq, hər iki komanda qələbəyə iddialıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında İspaniya La-Liqasında “El-Klasiko” çərçivəsində üz-üzə gələcək “Real Madrid” – “Barselona” matçını dəyərləndirən idman jurnalisti Kənan Məstəliyev deyib.
Onun sözlərinə görə, turnir cədvəlində komandaların yerlərindən, formada olub-olmamalarından asılı olmayaraq, heyətdəki ulduz oyunçularının az, yaxud çox olmasından asılı olmayaraq, “El-Klasiko” həmişə öz səviyyəsini, adını, gücünü qoruyur.
“Real Madrid” və “Barselona” dünya futbolunun nəhəngləri sırasında 5 komandadan ikisidir. Bu komandaların “El-Klasiko” çərçivəsində üz-üzə gəlməsi böyük maraq doğurur. Düşünürəm ki, budəfəki matç da çox maraqlı olacaq, çünki oyunun “Santyaqo Bernabeu” stadionunda keçirilməsinə baxmayaraq, hər iki komanda qələbəyə iddialıdır. İlk baxışdan qələbəyə yaxın tərəf “Real Madrid görünsə də, “Barselona”nın builki “La Liqa”da ortaya qoyduğu performans rəqibindən daha yaxşı, iddialı, rəngarəngdir. Hans Flikin ortaya qoyduğu iş həqiqətən də möhtəşəmdir. O, sanki komandanı özünə qaytarmış, komandanı düşdüyü dərin enişdən çıxarmış kimi görünür. “Barselona” rəngarəng, bol qollu futbol oynayır”, – deyə o bildirib.
K.Məstəliyev qeyd edib ki, eynilə “Real Madrid” də öz statusunu qorumaqdadır.
“Çempionlar Liqasının buhəftədəki matçlarında hər iki komanda gözəl qələbələr qazandı. “Barselona” “Bavariya”, “Real Madrid” isə, öz əzmkarlığını göstərərək, “Dortmunt”dan 2 top buraxmasına baxmayaraq, 5 top vurmaqla matçda qələbə qazanmağa nail oldu. Hər iki komanda həftəni yaxşı keçirdi. Buna qədərki oyun qrafikləri də çox yaxşıdır. Ona görə də çox maraqlı və gözəl bir qarşılaşma izləyəcəyik. Düşürəm ki, İspaniya çempionatı hələ yeni başlayıb və burada “Real” məğlub olsa belə, komanda üçün dünyanın sonu sayılmayacaq.
“Barselona” bu oyunda qələbə qazanarsa, bu çempionliğa doğru mənəvi üstünlük qazanacaq. Hər halda, çempionat uzun olsa da, “Madrid” aradakı fərqin 6 xala çatmasını istəməz. Ona görə də komanda sona qədər döyüşəcək.
Meydan sahibinin “Real” olmasına baxmayaraq, “Barselona”nın da bu matçda “asan yem” olmayacağını qeyd edə bilərəm. Hazırki görünüşə görə bu oyunun heç-heçə bitməsi daha real görünür”, – deyə o vurğulayıb.
İsmayıl Bakuvi