Futbol ictimaiyyəti qiymət artımı ilə bağlı nə düşünür? – SORĞU

Tarif Şurasının ötən gün keçirilən iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib

Qərarə əsasən, sabahdan etibarən, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik olacaq.

Bəs görəsən, futbol ictimaiyyətimizin nümayəndələrinin qiymət artımına münasibəti necədir?

Yenicag.az-a açıqlama verən “Neftçi”nin sabiq baş məşqçisi Tərlan Əhmədov bildirir ki, qiymət artımı ilə yanaşı, xidmət səviyyəsi də yüksəldilməlidir:

“AZAL-ın baş məşqçisi olanda maşınımı satmışam. Hər halda ictimai nəqliyyatdan istifadə edənlər üçün bir balaca çətin olacaq.

İlk növbədə, xidmət səviyyəsi yüksəldilməli, daha sonra qiymət artırılmalıdır. Məsələn, Türkiyə turizm ölkəsi olduğu üçün adicə ofisiantlar üçün institut var. Oranı bitirməyəni işə götürmürlər. Amma bizdə xidmət göstərən tədris ocağı yoxdur. Ona görə də bizdə hər bir sahədə xidmət aşağıdır. İctimai nəqliyyatda bir çox xoşagəlməz hallar yaşanır. Avtobuslarda kondisionerlər işləmir. Soruşanda da deyirlər ki, indi xarab oldu. Hər dəfə bir bahanə uydururlar. Metroda köhnə vaqonlardı, kondisionerlər işləmir. Tuneldə bir dəqiqə dayananda adamın ürəyi sıxılır”.

FİFA referisi Əliyar Ağayev avtomobil sahibi olsa da, ictimai nəqliyyatdan istifadə etdiyini bildirir: “Maşınım olsa da, daima ictimai nəqliyyatdan istifadə edirəm. İdman Akademiyasında müəllim kimi çalışıram. Akademiya ətrafında maşını park etmək problemi olduğundan ictimai nəqliyyatdan yararlanıram. Təbii ki, dəqiq səbəbləri ekspertlər bilər. İndiki durumda “BakuBus”dan çox razıyam. Bu xidmətin qarşılığında onlara 30 qəpik düşür (gülür). Yəqin nəyisə nəzərə alıb, gediş haqqını artırıblar. İstəməzdim ki, benzinin də qiyməti qalxsın. Belə olacağı halda maşın sürənlərin sayı azalacaq”.

Millimizin və “Sumqayıt”ın futbolçusu Əfran İsmayılov isə benzinin qiymətinin qalxacağından narahatdır: “Biz nə fikir bildirə bilərik ki?  Əslində mənə aid olan məsələ deyil. Heç kim istəməz ki, hər dəfə qiymət qalxsın. Qiymətlər qalxıbsa, nə edə bilərəm ki? Təbii ki, bu durumdan narahatıq”.

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov isə gediş haqqının 20 qəpik olmasının daha sərfəli olduğunu bildirib: “Əlbəttə, qiymət artımı yaxşı əlamət deyil. Tanıdığım insanlar var ki, işə getmək üçün 2-3 avtobus dəyişirlər. Bunu iqtisadçılardan soruşsaz, daha yaxşı olar. Biz 20 qəpiyə öyrəşmişik. Bu, daha sərfəli idi. Belə başa düşürəm ki, gediş haqqı artandan sonra, yanacağın da qiymətində bahalaşma olacaq. Fikrimcə, dövlət də artımın səbəbini fikirləşir, ona uyğun da addım atır”.

Emin Səfərov

COP29