“Futbolçular özlərindən yuxarı yaş qruplarında iştirak etməlidirlər” – Millimizin baş məşqçisi

Türkiyədə keçirilən “Ege Cup” turnirində qüvvəsini sınayan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi keçirdiyi üç görüşün yalnız birində qələbəyə sevinib.

Yenicag.az saytına açıqlama verən yığmamızın baş məşqçisi Vüqar Məmməd beynəlxalq turnirlə bağlı fikirlərini bölüşüb:

“Hər şeydən əvvəl, bu turnir bizim üçün çox böyük təcrübə oldu. Turnirin ən gənc komandası idik. 6 futbolçumuz 2003-cü il təvəllüd idi. Bütün oyunlarda 20 futbolçumuzun hamısını oynatdıq. Vacib olan oyunları oynadıqca təcrübə toplamaq idi.

Bununla yanaşı, turnirdə komandaların heyətində Avropanın aparıcı ölkələrin çempionatlarında iştirak edən futbolçular vardı. Bunlar Almaniya, İtaliya, İspaniya, Yunanıstan, Bolqarıstan, Rusiya, Rumıniya kimi ölkələrin çempionatları idi. Rəqiblər bizdən öncə çox yaxşı turnirlərdə iştirak ediblər, biz isə ilk belə səviyyəli turnirə qatılırdıq. Türkiyə ilə oyuna gəldikdə isə 1-ci səbətlə 3-cü səbətin fərqi bu idi deyərdim. Düşünürəm ki, bundan sonra belə beynəlxalq turnirlərə daima qoşulmaq lazımdır və ən azından 2-ci və 3-cü səbətin komandaları ilə çox oyunlar keçirməliyik. Yerli ölkə çempionatında öz liqalarında oynayan futbolçular özlərindən yuxarı yaş qruplarında iştirak etməlidirlər. Təzyiq altında oyun keçirməli, təcrübə qazanmalıdırlar. Daima bu kimi inkişaf yolları axtarmalıyıq”.

Qeyd edək ki, millimiz ilk matçında Albaniyanı 1:0 hesabı ilə məğlub edib, ardınca Kosovo (0:2) və Türkiyəyə (0:6) məğlub olub.

COP29