Futbolçulara xərclənən milyonlar… – Kim hansı qiymətədir? – Azərbaycanda

Azərbaycan Premyer Liqasının birinci yarısına yekun vurulub. Premyer Liqada çıxış edən klublar artıq mövsümün ikinci yarısının transfer çalışmalarına başlayıb. UEFA tərəfindən transfer qadağası almış “İnter”dən başqa digər klublar çempionatın ikinci yarısında daha yaxşı çıxış etmək üçün qış transfer pəncərəsindən maksimum yararlanmağa çalışırlar.

Bəzi klublar transferlərini tam bitirsə də bəziləri hələ də axtarşdadırlar. Amma heyətinə yeni futbolçu belə qatmayan klublar da var.

Yeniçağ.az klublarımızın hazırda həyata keçirtdiyi və ya keçidini reallaşdırmaq istədiyi futbolçuların transfer qiymətlərini təqdim edir. Göstərilən rəqəmlər Almaniyanın məşhur “transfermarkt” saytından götürülüb.

Qarabağ

“Neftçi”nin keçmiş yarımmüdafiəçisi Elşən Abdullayev ötən ilin sentyabrın 20-dən karyerasını “Qarabağ”da davam etdirmək qərarına gəldi. Saytın yazdığına görə onun transferi 100 min avroya gerçəkləşib.
“Neftçi”yə keçəcəyi deyilən “İnter”in keçmiş oyunçusu Ağabala Ramazanov son anda “Qarabağ”a keçdi. A. Ramazanovun transfer qiyməti 250 min avro olaraq göstərilib.
Ağdam təmsilçisinin satdığı oyunçular da az deyil. O, bu transferlərdən heç də az qazanmayıb.
“Qarabağ” klubunun Namiq Ələsgərovu 300 min avro qarşılığında “satdığı” qeyd edilib. Klubun aparıcı üzvü Reynaldo isə Türkiyənin “Adanaspor” komandasına keçdi. Onun transfer qiyməti isə 1 milyon 200 min avro göstərilib.
Hələ ki, “Qarabağ”la müqavilə bağlayan yoxdur.

Qəbələ

Bölgə klubumuz qış transfer pəncərəsindən yararlanaraq, 3 futbolçunu heyətinə qatıb.
“Qəbələ” klubunun “Neftçi”dən aldığı Araz Abdullayevin “qiymətinin” 300 min avro olduğu qeyd edilib. Moldovanın “Şerif” klubundan transfer etdiyi Daniel Subotiç isə 850 min funtsterlinq (təqribən 1 milyon 65 min dollar) qarşılığında bölgə klubumuza transfer olunub. Uzun müddətdir ki, Azərbaycan klublarından təklif gözləyən Gürcüstanın “Kolxeti” klubunda çıxış edən Rasim Ramaldanov nəhayət, arzusuna çatıb. O, bu yaxınlarda “qırmızı-qaralar”ın heyətində yer alıb. Ramaldanov 250 min avro qarşılığında vətənə qayıda bilib.
“Qəbələ” oyunçusu Sadiq Quliyevi 150 min avroya “Zirə”yə “satıb”.
Müqavilə müddətini artıran isə Dmitri Bezotosnıdır.

Sumqayıt

Axır ki, “Sumqayıt” komandası heyətini bir neçə futbolçu ilə gücləndirə bildi.
Rusiyanın “Drujba” klubundan gələn Sergey Çernışevə heç bir transfer pulu ödənmədiyi deyilir. O, ancaq “quru maaş” qarşılığında klubumuzda çıxış edəcək. Rusiyanın OİK-nin keçmiş oyunçusu Fərhad Qıstarovun da “transfermarkt” saytında qiyməti göstərilməyib. O da yeni komanda yoldaşı kimi heyətə qatılmağa razı olub. (OİK, Rusiya).
Komandanı kütləvi şəkildə tərk edənlər də olub.
Yunanıstanın AEL klubu “Sumqayıt”dan aldığı Vaqif Cavadova görə 300 min avro, Amit Quluzadə üçün 50 min avro ödəyib.
Müqavilə müddətini artıran yoxdur.

Zirə
Saytın bildirdiyinə görə, “Zirə”lilər “Qəbələ”dən aldığı Sadiq Quliyevə görə 150 min avro, Türkiyənin “Alaniyaspor” klubundan aldığı Akim Latifu üçün 400 min avro, Ben Sanqareyə 300 min avro ödəyib. Riçard Qadze üçün isə 150 min avro ödənilib.
Klubdan gedənlər isə Cəmil Hacıyev (Şəmkir), Adil Şükürov (baş məşqçi), Yasin Həmid, Gerhard Proqnidir.
Müqavilə müddətini artıran yoxdur.

Kəpəz
Gəncəlilər isə bu il transfer fürsətindən yararlanmaq istəmədiyini ən başda bildirmişdi. Buna görə də klub bununla bağlı heç bir addım atmayıb. Kluba nə gələn var, nə gedən, nə də müqavilə uzadan.

İnter
Keçmiş “bankir”lər isə heyətinə futbolçu qatmaq fürsətindən heç cür istifadə edə bilməyib. Səbəb də klubun büdcəsidir.
Komandanı iki futbolçu tərk edib. Yuxarıda da bildirdiyimiz kimi Ağabala Ramazanov “Qarabağ”a keçid alıb.
“İnteri” tərk edən Ruslan Abışovun isə 350 min avro qarşılığında “Neftçi”yə keçdiyi yazılıb.
Müqavilə müddətini artıran yoxdur.

Neftçi
Transfer pəncərəsindən ən çox yararlanan paytaxt klubudur. Yunanıstanın “Veria” klubundan gələn Georgi Navalovskiyə 250 min ödəyən klub heyəti daha 6 nəfərlə gücləndirib. Ancaq onlardan birini Çexiyanın “Slovan” klubundan gətirilən Zdenek Folprexti icarə əsasında götürüb.

Qazaxıstanın “İrtış” klubundan gətirilən İqnasio Herreraya görə 400 min avro, Ukraynanın “Olimpik” klubundan gətirilən Kirill Petrova görə 850 min avro, Çexiya “Karvina”sının keçmiş üzvü Pavel Dreskaya görə isə 350 min avro ödənildiyi deyilir.

Ekvadorun “Deportivo Kuenka” klubunun keçmiş üzvü Hüqo Bargasa görə isə 800 min avro ödənildiyi iddia edilir.
Klubdan gedənlər da yetərincədir.
Məlumata görə, paytaxt klubu “Qarabağ”a satdığı Elşən Abdullayevdən 100 min avro “qazanıb”. “Neftçi” Araz Abdullayevin “Qəbələ”yə transferindən isə 300 min avro əldə edib.
Jonas Pesalli, Krşevan Santini, Katalin Tira, Denilson Pereyra, Dario Melnyak, Vançe Şikov da bakılıları tərk edib.
Müqavilə müddətini artıran Boban Baykoviçdir.

AZAL

“Təyyarəçilər”də büdcə üzündən heyətini gücləndirə bilməyib.
Müqaviləsi bitib gedənlər isə az deyil. Brayan Fok, Adan Koronado, Mirzağa Hüseynpur, David Canelidze, Tagim Novruzov, Qvanzav Maqomedov kimi oyunçular bir-bir klubu tərk edib.

Müqavilə müddətini artıran isə yoxdur.

 

Aygün İlqarqızı

Yenicag.az