Futbolçumuz Xorvatiya milli komandasına dəvət olunub

1470379923“Qəbələ”nin futbolçusu Filip Ozobiç Xorvatiya milli komandasına çağırılıb.

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi 2017-ci ilin yanvarında yığmasının düşərgəsinə yollanacaq.

Baş məşqçi Ante Çaçiç “qırmızı-qaralar”ın heyətində özünü yaxşı tərəfdən göstərən orta sahə oyunçusunu sınamaq qərarına gəlib. Ozobiç Xorvatiya millisinin heyətində “China Cup 2017” turnirində özünü göstərməli olacaq.

Çaçiç Ozobiçi yanvarın 10-15-də Nannin şəhərində keçiriləcək turnirə aparacağı heyətə daxil edib. Turnirdə Çin, Çili, İslandiya və Xorvatiya milliləri mübarizə aparacaq.

Yanvarın 10-da Çin – İslandiya, ertəsi gün Çili – Xorvatiya matçları baş tutacaq. Məğlub olan komandalar yanvarın 14-də 3-cü yer uğrunda qüvvələrini sınayacaq. Qaliblər isə ayın 15-də kubokun qalibini müəyyənləşdirəcək.

Xatırladaq ki, 2016-cı ilin yayından “Qəbələ”də çıxış edən Ozobiç Xorvatiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas komandada debüt etməyib. Onun debüt matçı “qırmızı-qaralar”ın futbolçusu kimi baş tuta bilər.

Yenicag.az

COP29