!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Futbolumuza uzanan kənar əllər... - AFFA-dakı mafiya daha güclüdür - İDDİA  

!Reklam – Yazi

Bildiyimiz kimi, Türkiyənin bir çox klublarında məşqçi işləmiş Giray Bulak “TRT-Spor”da qatıldığı “Stadyum” verilişində futboldakı xorvat-serb mafiyasından danışıb. O, hətta Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Robert Prosineçkidən də söhbət açıb. G.Bulak Prosineçkini Azərbaycan millisinin “sükanı arxasına” məhz həmin mafiyanın gətirdiyini iddia edib:

“Robert Prosineçki hazırda Azərbaycan millisini çalışdırır. Prosineçki “Kayserispor”da nə etdi ki, ona Azərbaycandan dəvət göndərdilər? Bu mafiya o qədər güclüdür ki, Prosineçkini yenidən Türkiyəyə qaytarmaq da istəyir”.

Görəsən dogrudan da Prosineçki hansısa mafiyanın əli ilə Azərbacana gəlib? Bəs digər legioner idmançı və ya məşqçilər necə? Onların da transferində hansısa mafiyaların əli varmı? Məsələ ilə bağlı idman mediasının üzvlərinə üz tutub, suallarımıza cavab axtardıq.

SportFm-in baş redaktoru Araz Əhmədov Yeniçağ.az-a danışarkən Robert Prosineçkinin Azərbaycana hansısa mafiyanın əli ilə gəlməsini düşünmədiyini dedi:

“Əvvəla, qeyd edim ki, Türkiyə futbolunun özündə “baronlar” var. Həmin “baronlar” uzun illərdən bu yana qardaş ölkənin futbolunu ram edib. Onların istəyi ilə klubların baş məşqçiləri dəyişdirilir, “baronlar”la çalışan yerli məqşçilər isə daim işlə təmin olunur. Türkiyəli “baronlar”ın keçmiş Yuqoslaviya mafiyası ilə çalışması mümkündür. Onların işbirliyi sayəsində Türkiyə klublarında müəyyən işlər görülür. Ancaq Slaven Biliçin İngiltərəyə, Robert Prosineçkinin isə Azərbaycana gəlişində hansısa mafiyanın rolu olduğunu düşünmürəm. Sadəcə, mütəxəssislər gələn təklifi dəyərləndiriblər.

Çox təəssüflər olsun ki, hazırda bir çox idman növlərində ölkəmizi “gəlmələr” təmsil edir. Bu, yaxşı hal deyil. Az müddət ərzində uğur qazanmaq istəyi fonunda dəvət edilən əcnəbilər bəzən Azərbaycana uğur qazandırmaqla yanaşı, imicimizə xələl gətirən hərəkətlərlə yadda qalırlar. Dəfələrlə belə mənfi halların şahidi olmuşuq. Yaxşı olardı ki, yığma komandalarımızda yerli idmançılarımız çıxış etsin. Onların buraya gəlişində hansısa mafiyaların rol oynamasına isə inanmıram. İdmançı özünü yarışda göstərir və digər ölkələrdən dəvət alır. Bu, adi bir prosesdir”.

Fanat.az-ın baş redaktoru Əli Sahib isə AFFA-dakı mafiyanın serb-xorvat mafiyasından da güclü olduğunu deyib:

“Təbii ki, məşqçilər və futbolçular menecerlər vasitəsi ilə təqdim olunur. Onların piyarını, reklamını da onlar aparır. Bulakın dedikləri ilə tanışam. Bizdə Türkiyədən fərqlidir. AFFA-da xorvat-serb mafiyasından da güclü mafiya əyləşib. Foqts nümunəsi bu qruplaşmanın işinə sübutdur. Alman məşqçinin heç bir nəticəsi olmasına baxmayaraq, illərlə Azərbaycan neftinin pulunu onunla birgə yedilər. Hətta imkan düşəndə bizi mətbuat vasitəsiylə ələ salırdı. AFFA-nın baş katibi isə onun açıqlamalarına don geyindirməyə çalışırdı. Kobud desək, təzəyin üstünə bəzək vururdu. Bu da səbəbsiz deyildi. Milyonlarla dolların səfasının cəfası da olmalı idi. Son zamanlarda Foqts Elxan Məmmədovu və onun kimiləri barmaq işarəsi ilə yanına çağırırdı. Artıq gözləri kölgəliydi onun yanında. Berti Foqts burda çalışanda Almaniyada Azərbaycanın uşaq futbol məktəbi açılmışdı, necə oldu o məkdəb? İlə 3 milyon ayırırdılar. Milli komanda tibbi müayinə üçün Almaniyaya gedirdi. Klinika ya Foqtsun, ya da hansısa yaxınının idi. İndi niyə ora getmirlər? Bilirsiz nə qədər belə fakt var? Sadəcə, bu faktlara baxıb siz deyin… Serb-xorvat mafiyası güclüdür, yoxsa Elşad Nəsirovun başçılığı ilə Elxan Məmmədovun da üzvü olduğu mafiya? Onlar bu bazara müəyyən faiz qarşılığında girə bilər. Əks təqdirdə, keçmiş Yuqoslaviyanın 7-8 yerə bölünmüş ölkələrini yenidən 7-8 tikə edərlər. Bizim futbol təbiətinin vəhşi qaydaları var”.

Komanda.az-ın baş redaktoru Rəşad Ergün futbolda mafiyanın təsirinin danılmaz fakt olduğunu desə də millimizin məşqçisinin gəlişini heç də onlarla əlaqələndirməyib:

“Dünya futboluna mafiyanın təsiri danılmazdır və buna dair yetərincə nümunələr də var. Məsələn, biz dəfələrlə İtaliya futboluna mafiyanın təsiri və təzyiqi barədə eşitmişik. Amma Prosineçkini Azərbaycan millisinə məhz bu mafiyanın göndərdiyinə inanmıram. Həm də Prosineçki elə iddialı klublara, milli komandaya getmir ki, bunun mafiyanın işi olduğuna inanaq. Sadəcə, hər kəsin tanıdığı menecerlər, mütəxəssislər, bir çevrəsi olur ki, baxırsan, hər dəfə o çevrədən kimisə klubuna gətirir. Məncə, məsələni elə də çox ciddi qəbul etməyin”.

Qol.az-ın baş redaktoru Aydın Bağırov isə Prosineçkinin güclü menecerlər sayəsində Azərbaycana gəldiyi fikrindədir:

“Mən ümumiyyətlə, Prosineçkinin Azərbaycan millisinə gətirilməsini səhv addım saymıram. Berti Foqts kimi yararsız məşqçidənsə, Prosineçki kimi gənc məşqçi komandamıza və futbolumuza fayda verə bilər. Türk məşqçinin açıqlamasına gəlincə, burada qeyri-adi heç nə yoxdur. Bu gün çoxlarına bəllidir ki, Balkan ölkələrinin futbol menecerləri Avropada öz fəallığı ilə seçilirlər və ona görə də, onların məşqçiləri, futbolçuları aparıcı klublarda çıxış edirlər. Bu, əslində, həmin menecer lobbisinin bir uğurudur. Ümumiyyətlə, hər bir yaxşı məşqçinin və futbolçunun güclü bir meneceri olmalıdır. Mən inanıram ki, Prosineçki də Azərbaycana məhz yaxşı menecer işi sayəsində gələ bilib. Arzu edirəm ki, nə vatxsa bizim menecerlər də serb menecerləri kimi fəal və həmrəy olsunlar, yaxşı lobbi qursunlar. Ondan sonra hətta ortabab futbolçumuzu da xaricə çıxartmaq mümkün olacaq”.

APAsport.un əməkdaşı Zaur Xudiyev bu prosesi lobbiçilik fəaliyyətinə bənzədib:

“Ümumiyyətlə, bu cür məsələlərin pərdəarxası söhbətlərinə bələd olmadığım üçün nəsə dəqiq fikir yürütmək mümkün deyil. Giray Bulakın açıqlamaları ilə tanışam. Məsələ təkcə Prosineçkidən getmir, orada bir çox məşqçilərin adı hallanır.

Ümumiyyətlə, az-çox məlumdur ki, menecerlik şəbəkə işidir. Yəni bir qrup insan bir-birilərinə əməkdaşlıq etdiyi futbol mütəxəssislərini məsləhət görürlər və s. Mən bu prosesi mafiyadan daha çox lobbiçilik fəaliyyətinə bənzədirəm. Kimin şəbəkəsi daha geniş, dost-tanışı daha çoxdursa, onun üçün iş imkanları daha çoxdur”.

 

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

700
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv