Füzuli Ələkbərovdan ölkənin imicinə böyük zərbə: sabiq nazir dövləti necə aldadır?-ŞOK FAKTLAR

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun varidatı haqda yeni məlumatlar əldə etmişik.

Yenicag.az xəbər verir ki, F.Ələkbərovun sahib olduğu mülklərin, torpaq sahələrinin bir hissəsinin siyahısı və fotoları AFN-in redaksiyasında mövcuddur. Nazir olduğu dönəmlərdə adı kifayət qədər geniş formada korrupsiyada hallanan sabiq məmur indi də dövlətə zərər vurmaqda davam edir desək, yanılmarıq. Belə ki, F.Ələkbərova və ailəsinə məxsus olan və gəlir potensialına malik əmlakların, boş torpaq sahələrinin istifadəsiz qalması, vergilərinin ödənməməsi müzakirə mövzusudur.

Söhbət hansı mülk və torpaqlardan gedir? əvvəli BURADA

Yazımızın əvvəlində də qeyd edildiyi kimi, F.Ələkbərovun varidatı haqda redaksiyamıza ciddi faktlar məlumdur. Birinci yazı dərc edildikdən sonra sabiq nazirə məxsus olan Bakı şəhəri, Səbail rayonu, 156-cı məhəllə, Əliyarbəyov və X.Natəvan küçələrinin kəsişməsində, Fəvvarələr meydanının yaxınlığında yerləşən boş torpaq sahəsində fəaliyyət göstərən dayanacağın bağlanması haqda məlumat vermişdik. AFN-in araşdırmasının davamında aydın olur ki, əslində bağlanmalı olan obyektlərin sayı daha çoxdur. Çünki F.Ələkbərova məxsus şirkətlərdə ciddi qanun pozuntularına yol verilir. Mövzuya keçməzdən öncə onu qeyd edək ki, sabiq nazirin varidatının əsasını təşkil edən “Improtex” Şirkətlər Qrupudur. Şirkətlər Qrupuna “İmprotex Motors”, “İmprotex Trucks&Buses”, “İmprotex İndustries”, “İmprotex Travel” və Dubayda uzun illər fəaliyyət göstərən “IMEX AZ GENERAL TRADING L.L.C” (keçmiş İMEX Motors) şirkətləri (ünvan – UAE, Dubai,P .O.Box:15092, Al Bakhit Center, Office#403,Abu Baker Al Siddique street.) kimi şirkətlər daxildir.

AFN-in araşdırması zamanı külli miqdarda vergidən yayınma hallarına yol verildiyi aydın olub. Son illərdə vergi siyasətində aparılan islahatlar “İmprotex” Şirkətlər Qrupunu məcbur edib ki, maliyyə fəaliyyətində kosmetik də olsa bəzi dəyişikliklər etsin. Təbii ki, yaranmış vəziyyət heç də şirkətə sərf etmir və əlavə qazanc üçün yollar axtarılır. Axtarış uzun sürmür. “Bacarıqlı” işlətməçilər bəyan olunmayan gəlirin daha da artırılması məqsədilə  tam qanunsuz – baş importyor müqaviləsinə zidd olaraq maşın və ehtiyat hissələrin alqı-satqısı ilə məşğul olmağa başlayırlar. Beləliklə, yalnız Azərbaycanda satışına icazə verilən maşın və ehtiyat hissələri ölkədən çox-çox uzaqlarda Çin, İran və bəzi Avropa ölkələrində guya Azərbaycana idxal olunma adı altında qanunsuz şəkildə satılır.  Azərbaycanda pərakəndə satışda maksimal olaraq ildə 120-150 ədəd maşın satan “İmprotex Motors”un bundan 3-4 dəfə artıq sayda maşının xaricdə satması və əldə olunan gəlirlərin rəsmən bəyan edilməyərək ofşor ölkələrdəki (əsasən BƏƏ) bank hesablarına köçürülməsi ciddi suallar ortaya çıxarır.

Qeyd edək ki, Donald Tramp ABŞ-da hakimiyyətə gəldikdən sonra Çinə qarşı tətbiq olunan məlum ticarət sanksiyaları nəticəsində ABŞ-da istehsal olunan bəzi avtomobil modellərinin Çinə ixracında ciddi problemlər yaranıb. Bunun nəticəsi olaraq isə F.Ələkbərovun daha bir qanunsuz “obyekti” gəlirdən məhrum olub deyə bilərik.
Eyni vəziyyət “İmprotex Trucks&Buses” şirkətində də mövcuddur. Artıq 15 ilə yaxındır ki, dünyanın ən iri yük maşınları istehsalçısı olan Almaniyanın MAN şirkətinin maraqlarını Azərbaycanda “İmprotex Trucks&Buses” şirkəti təmsil edir. Bu şirkət MAN ilə imzaladığı importyor sazişinə zidd olaraq Avropada tam gizli və qanunsuz şəkildə artıq bir neçə ildir ki, ehtiyat hissələrinin satışı ilə məşğuldur.

Burada da mallar üzrə maliyyə dövriyyəsi və əldə olunan gəlir tam şəkildə xaricdə yerləşən “İMEX Treydinq” şirkəti vasitəsilə aparılır və təbii ki, ölkəmizdə bəyan olunmur.

Son illərdə böyük çətinliklər və əziyyətlə beynəlxalq biznes aləmində Azərbaycanın müsbət imicinin gücləndirilməsində prezident İlham Əliyevin gördüyü böyük işlər fonunda F.Ələkbərovun dünyanın ən iri avtomobil istehsalçısı olan şirkətə qarşi törətdiyi bu əməllər ifşa olunarsa, necə qiymətləndirilər?! Belə hallar ümumilikdə ölkəmizin biznes mühitinə, müsbət biznes imicinə böyük xələl gətirir və ümid edirik ki, aidiyyatı qurumlar bununla bağlı tədbir görəcəklər.

Araşdırmalarımız davam edir.

COP29