“Braziliyada keçirilən hazırkı G20-lər sammitinin əvvəlki sammitlərdən fərqi ondadır ki, burada ilkin olaraq Amerikadakı hakimiyyət keçid dövrünü yaşayır. Yəni Bayden hakimiyyəti yekunlaşır və Tramp hakimiyyətinin erası başlayır. Dünya ölkələrinin liderləri də gələcək siyasətlərinin buna kodlaşdırılması istiqamətində addımlarını atmağa artıq start veriblər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı deyib.
Siyasi təhlilçi Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 sammitində qəbul edilmiş qərarlardan söz açıb.
Analitikin fikrincə, bu özünü daha çox Rusiya-Ukrayna münasibətlərində, Uzaq Şərq və Yaxın Şərqdəki geosiyasi proseslərdə və iqlim dəyişikliyi ilə bağlı məsələlərdə göstərdi:
“Bir növ dünya liderləri burada bir az ehtiyatlı mövqe sərgiləməyə çalışdılar. Yəni ki, növbəti sessiyaya qədər onlar yumşaldıcı bir mövqedən çıxış etməyə başladılar. Onların hamısı indi gözləyir ki, Tramp hakimiyyətə gəlsin və onun hakimiyyəti hansı siyasəti yürüdəcəksə, ona uyğun olaraq öz siyasətlərini müəyyənləşdirməyə çalışsınlar. Amma burada əsas önəmli məsələ Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın artıq iki gündür ki, dünya mediasını zəbt edən Rusiya-Ukrayna müharibəsinin dondurulması ilə bağlı təklifidir və bu təklif də G20-də müsbət qarşılandı. Çünki Bayden hakimiyyətinin sonunda uzaq mənzilli raketlərin Rusiyanı vurmasına icazə verməsi bölgədə, ümumiyyətlə isə dünyada daha dəhşətli situasiya yarada və bunun da fəsadları çox ağır ola bilər”.
“Çünki, əgər Ukrayna belə bir silahdan istifadə edərsə, –sadəcə, Ukrayna indiyə qədər bunu Krımda, öz daxili ərazisində istifadə edib – bu silahın elə bir təsirli effekt verəcəyinə bir o qədər ümid bəsləmək olmaz. Amma Rusiyanın buna əks cavabı isə çox ağır ola bilər. Özü də Rusiya bəyan edib ki, əgər belə silahlardan istifadəyə icazə veriləcəksə, Moskva NATO-nu Ukrayna müharibəsində tərəf kimi qəbul edəcək və onlarla bu haqq-hesabı çürüdəcək. Bu isə Üçüncü Dünya müharibəsinin yaxınlaşmasına və müharibənin coğrafiyasının genişlənməsinə səbəb yarada bilər”, – deyə o, əlavə edib.
M. Bünyadlının qənaətinə görə, Bayden administrasiyasının qəbul etdiyi qərar, sadəcə, ondan ibarətdir ki, Tramp hakimiyyəti perspektivdə Rusiya-Ukrayna müharibəsindəki yumşaldıcı siyasətdən geri çəkilsin:
“Amma Ərdoğanın burada müharibənin dondurulması ilə bağlı verdiyi təklif ən real məsələlərdən biridir. Çünki burada heç bir tərəf udmayacaq və hər ikisi məğlub olacaq. Yəni ki, itirən tərəf hər ikisidir. Digər bir səbəb isə burada ondan ibarətdir ki, Avropa özü də baş verənlərdən qorxur, amma Avropa müharibəni bu cür itələmək və Trampı bu məsələnin içərisinə qatmaqla özlərini müdafiə etməyə çalışır. Çünki Tramp hakimiyyətə gələndən sonra Avropa ilə Amerika arasında da müəyyən ziddiyyətlər olacaq. Avropa İttifaqında ABŞ-dəki seçkidən sonra dinləmələr də keçirildi. Avropanın xarici siyasət komissarı Cozep Borrel Trampı İspaniya diktatoru Frankoya bənzətdi və əlavə etdi ki, biz artıq Trampa ümid etməməli, öz gücümüzə arxalanmalıyıq. O, söylədi ki, əgər Ukrayna məsələsində məğlub olarıqsa, tarix bizi bağışlamayacaq”.
“Onlar bilirlər ki, əgər Tramp geri çəkilərsə, Avropanı ciddi ağır nəticələr gözləyir. Çünki Avropa artıq özünü bu proseslərdən geri çəkir. Ona görə də Trampı Rusiya məsələsində geri addım atmamağa zorlayırlar. Hətta dünən Trampın oğlu kiçik Donald Tramp da bəyan etdi ki, atası hakimiyyətə gəlməmiş, onlar Üçüncü Dünya müharibəsini qızışdırmağa çalışırlar. Bütün bunlar onu göstərir ki, Rusiya ilə münaqişədə Trampın yumşaq mövqe tutmasından geri çəkilsin və Rusiyaya qarşı kəskin siyasət yürütsün. Odur ki, G20-nin elə də ciddi nəticələr verəcəyi inandırıcı deyil”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov