“Gavalıda virus aşkarlandı”

59959d3c00dcd8f105a797cc3cce7d37“Azərbaycan iqtisadiyyatında mühüm rol oynayan aqrar sektorda 1996-cı ildə başlayan aqrar islahatlar nəticəsində bu sektorun siyasi-iqtisadi strukturunda əsaslı dəyişikliklər baş versə də, aqrar elmdə və təhsildə bir sıra problemlər hələ də öz həllini gözləyir”.

Yenicag.az apa-ya istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Aqrar Elmlər Bölməsinin akademik katibi Qərib Məmmədov Rəyasət Heyətinin iclasındakı çıxışında deyib. O bildirib ki, problemlərin həlli istiqamətində AMEA Aqrar Elmlər Bölməsində müəyyən işlər görülür. Hesabat ilində bölmənin 3 institutunda 307 elmi işçi, AMEA-nın 4 həqiqi, 3 müxbir üzvü, 16 elmlər doktoru, 184 fəlsəfə doktoru tərəfindən 1 istiqamət, 6 problem, 41 mövzu üzrə tədqiqatlar aparılıb və 9 mövzu tamamlanıb.

Q. Məmmədovun sözlərinə görə, 2014-cü ildə Genetik Ehtiyatlar İnstitutunun alimləri tərəfindən analoqu olmayan şaxəliliyə malik 28 xromosumlu yeni buğda yaradılıb: “Seleksiya fəaliyyətlərinin gücləndirilməsi sayəsində payızlıq bərk buğdanın yeni yüksək məhsuldar “Saray”, pambıq bitkisinin yeni “Zəfər” sortları respublikanın suvarılan bölgələrində becərilmək üçün rayonlaşdırılıb. Naxçıvandan toplanan gavalı bitkisində elm üçün yeni növ virus aşkar olunub. Buğda toxumlarının səpin qabağı ozonlaşdırılmasının maksimal stimullaşdırıcı konsentrasiyası və ekspozisiyası müddəti müəyyənləşdirilib və təcrübə sahələrində məhsuldarlıq nəzarətlə müqayisədə 17-30 faiz artıb”.

Q. Məmmədov əlavə edib ki, Eroziya və Suvarma İnstitutu üzrə Azərbaycanın şimal qərb hissəsində eroziya təhlükəsinə məruz qalan kənd rayonları üçün baza planlaşdırma aləti qismində qərarların dəstəklənməsi sistemi qurulub və böyük Qafqazın şimal qərb hissəsini əhatə edən 16 rayon üçün torpaq xəritələri rəqəmsallaşdırılıb və məlumatlar bazası hazırlanıb. Onun sözlərinə görə, coğrafi informasiya sistemlərindən istifadə etməklə Ağsu çayının hövzəsi üzrə 1:50000 miqyasında torpaq sürüşmələrinin modelləşdirilməsi həyata keçirilib. İsmayıllı rayonu üzrə eroziya təhlükəli torpaqlarının münbitliyinin artırılması məqsədilə fitomeliorasiya tədbirləri işlənib hazırlanıb. Eroziya ilə mübarizdə səmərəli üsul kimi tətbiqi tövsiyə olunub.

COP29