Səhiyyə Nazirliyi Bakının Binəqədi rayonunda bıçaqlanan iki bacının səhhəti barədə məlumat yayıb.
Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, gecə saatlarında çoxsaylı bıçaq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılan 30 yaşlı Ruhəngiz Mahmudova və 32 yaşlı Roza Mahmudovaya həkimlər bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.
Bildirilib ki, xəstələrə lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir, həyatları üçün təhlükə yoxdur.
Xatırladaq ki, onları Ruhəngiz Mahmudovanın həyat yoldaşı bıçaqlayıb.
***
Bakının Binəqədi rayonunda iki bacının bıçaqlanması ilə bağlı cinayət işi başlanıb.
Yenicag.az-ın məlumatına görə, fakta əsasən, Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, Binəqədi rayonunda, Binəqədi şossesi, döngə 4 ünvanında ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.
İmişli rayon sakini 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu həyat yoldaşı, Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Mahmudova Ruhəngiz Abdul qızına 14, baldızı, 1987-ci il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Roza Abdul qızına isə beş bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.