“Gecikmələrin əsas səbəblərindən biri də insanın öz gündəlik işlərini planlı şəkildə təşkil edə bilməməsidir”.
Bu fikirəri Yenicag.az-a açıqlamasında insanların hər hansı bir yerə gecikmələrinin psixoloji səbəbləri haqda danışan psixoloq Zeynəb Eyyubova deyib.
Onun sözlərinə görə, harasa gecikmə mövzusunun psixoloji səbəbləri var. “Gecikmə, bir çox hallarda zamanın düzgün idarə olunmaması və ya vaxtı düzgün bölüşdürməməklə əlaqəli olsa da, bu davranışın psixoloji tərəfləri də vardır. Bəzi insanlar müəyyən işləri və ya görüşləri təxirə salma vərdişinə malikdirlər. Bu, bəzən özünə inamsızlıq, yüksək stress və ya həmin işi yerinə yetirməkdən qaçınmaq istəyindən qaynaqlanır”, – deyə o əlavə edib.
Psixoloq qeyd edib ki, əgər insan gedəcəyi yerə və ya görüşə qarşı motivasiyadan məhrumdursa, bu, onun gecikməsinə səbəb ola bilər. “Bu motivasiya əskikliyi, ümumiyyətlə, insanın iç dünyasında müəyyən narahatlıqlarla əlaqədardır. Gecikmələrin əsas səbəblərindən biri də insanın öz gündəlik işlərini planlı şəkildə təşkil edə bilməməsidir. Bu qeyri-mütəşəkkillik də bir növ psixoloji problemlərlə bağlı ola bilər”, – deyə o bildirib.
Z.Eyyubova vurğulayıb ki, bəzən fərdlər müəyyən yerə və ya işə getmək istəmədikləri üçün qeyri-şüuri şəkildə gecikmə meylində olurlar: “Bu, həmin yerə və ya işə qarşı içindəki narazılıq və müqavimətin göstəricisi ola bilər. Bəzi insanlar öz vaxtlarını daha önəmli sayaraq, başqalarının vaxtını qiymətləndirmir və bu da gecikmələrə səbəb olur. Bu davranış narsistik xüsusiyyətlərin əlaməti ola bilər”.
İsmayıl Bakuvi