Gədəbəydə fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlandı – FOTO

Gədəbəy rayonunun Novosaratovka kəndində fəaliyyət göstərən, “Rüfət” MMC-yə məxsus bazarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən planlı yoxlama keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yenicag.az-a verilən məlumata görə, yoxlama zamanı bazarda sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Bazarın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, istehlaka yararsız ərzaq məhsullarının məhv edilməsi üçün müvafiq avadanlıqlarla təmin edilmədiyi, müxtəlif məhsul qruplarının satışı üçün xüsusi şəraiti olan sahələrin və bazarın sərhədlərinin müəyyən olunaraq digər sahələrdən hasarlanaraq ayrılmadığı, qida məhsullarının yerdən və divardan aralı saxlanılmasının təmin edilməsi üçün piştaxtaların olmadığı və digər nöqsanlar aşkarlanıb.

Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub, bazarın fəaliyyəti məhdudlaşdırılıb.

Agentlik bir daha bazar rəhbərlərinin nəzərinə çatdırır ki, satış və ticarət müəssisələrində sanitariya-gigiyena qaydalarına, mal qonşuluğu prinsiplərinə ciddi riayət edilməli, tez xarab olan məhsulların (ət və süd məhsulları) satışı üçün sahələr soyuducu şkaf və ya soyuducu vitrin, həmçinin dondurucularla təchiz olunmalı, qida məhsulları onların təhlükəsizliyini təmin edə biləcək üsullarla qablaşdırılmalı, məhsulların etiketlənməsi dəqiq, aydın, istehlakçılar üçün tam başa düşülən və oxunaqlı olan tərzdə həyata keçirilməli, qida ilə təmasda olan işçilər ilkin və dövri tibbi müayinədən keçməli, xüsusi geyimlə təmin edilməlidir.

Qida təhlükəsizliyi tələblərinə əməl etməyən sahibkarlar barəsində ən sərt tədbirlər görüləcək.

COP29