Gələcəyin peşələri BUNLARDIR: Dövrün tələbi olan İXTİSASLAR

“Hər bir insanın peşəsi onun həyatını, şəxsiyyətini və cəmiyyətdəki rolunu əks etdirir. Peşə seçimi yalnız şəxsi maraqlara və gəlirlərə əsaslanmır, həm də insanın özünü həyata keçirməsinə və cəmiyyətə töhfə verməsinə imkan yaradan mühüm qərardır. İnsanların bu seçimi düzgün etməsi onların həm şəxsi rifahına, həm də cəmiyyətin ümumi inkişafına birbaşa təsir göstərir. Müasir dövrün sürətlə dəyişən tələbləri və texnoloji inkişafı bu məsələnin əhəmiyyətini daha da artırır. Xüsusilə qlobal əmək bazarının dinamikası, iqtisadi dəyişikliklər və sosial ehtiyaclar bir çox sahələrdə tələbatı artıraraq yeni peşələr və ixtisaslar yaradır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, müasir dövrün tələb etdiyi ixtisaslar gələcək karyera üçün çox əlverişlidir:

“Müasir dövrdə ən çox tələbat olan ixtisaslar arasında informasiya texnologiyaları, bərpa olunan enerji, səhiyyə, data analitikası və təhsil texnologiyaları kimi sahələr diqqət mərkəzindədir. Bu sahələrin ön plana çıxmasının əsas səbəblərindən biri texnoloji inqilabın bütün dünyada iqtisadiyyat və cəmiyyət üzərində yaratdığı təsirdir. Proqramlaşdırma, kibertəhlükəsizlik, süni intellekt və məlumat elmi kimi sahələrdə tələbat getdikcə artır. Bu artım həm texnologiyanın hər sahəyə inteqrasiyası, həm də rəqəmsal iqtisadiyyatın inkişafı ilə əlaqədardır. Rəqəmsallaşma təkcə biznes və sənayedə deyil, həm də səhiyyə, təhsil, kənd təsərrüfatı və idarəetmə kimi sahələrdə böyük dəyişikliklərə səbəb olub”.

Ekspert bərpa olunan enerji üzrə mütəxəssislərə olan tələbatı artan qlobal problemlərlə bağlı olduğu deyir:

“İqlim dəyişikliyi və ətraf mühitin qorunması ilə bağlı çağırışlar bu sahədə yeni ixtisaslar və iş imkanları yaradır. Günəş və külək enerjisi texnologiyaları üzrə mühəndislər, ekoloji planlaşdırma üzrə mütəxəssislər və ətraf mühitin qorunması sahəsində çalışan digər peşə sahibləri artıq əmək bazarında xüsusi yer tutur. Bu ixtisaslara artan maraq, həm də beynəlxalq təşkilatlar və hökumətlərin dayanıqlı inkişaf məqsədlərinə yönəlmiş strategiyaları ilə dəstəklənir”.

“Səhiyyə sektoru isə hər zaman cəmiyyətin ən vacib sahələrindən biri olub, lakin COVID-19 pandemiyası bu sahənin əhəmiyyətini daha da artırdı. Həkimlər, tibb bacıları, ictimai səhiyyə mütəxəssisləri və biotexnologiya üzrə alimlər pandemiya ilə mübarizənin ön cəbhəsində dayanaraq, bu sahənin nə qədər vacib olduğunu bir daha sübut etdilər. Bu səbəbdən, səhiyyə sahəsində təhsil alanların sayı artır və bu sahədə olan ixtisaslar əmək bazarında xüsusi yer tutur”, – deyə o qeyd edib.

K. Əsədəovun fikrincə data analitikası, məlumat elmi, psixologiya da müasir dövrdə yüksək tələbat olan sahələrdəndir:

“Şirkətlərin və təşkilatların məlumatlara əsaslanan qərarlar qəbul etməsi, böyük verilənlərin (big data) analizi və məlumat təhlükəsizliyi üzrə mütəxəssislərə ehtiyacı artırır. Bu, şirkətlərə daha dəqiq proqnozlar verməyə, strateji qərarlar qəbul etməyə və bazar rəqabətində üstünlük qazanmağa imkan verir.

Bundan əlavə, psixologiya və psixoterapiya sahələrinə olan tələbat da getdikcə artır. Müasir dövrdə insanların həyat tərzi və gündəlik problemləri, stres, narahatlıq və digər psixoloji çətinliklər bu sahənin əhəmiyyətini artırıb. Psixoloji dəstəyə ehtiyac həm fərdi şəxslər, həm də təşkilatlar arasında geniş yayılıb. Xüsusilə pandemiya dövründə insanların psixoloji sağlamlığı ilə bağlı narahatlıqlar bu sahədəki mütəxəssislərin dəyərini daha da artırdı”.

Mütəxəssis insanların peşə seçimində bir sıra mühüm nüanslara diqqət etməsini vacib sayır:

“İlk növbədə, şəxsi maraqlar və bacarıqlar nəzərə alınmalıdır. İnsan sevdiyi sahədə çalışdıqda daha motivasiyalı və uğurlu olur. Həmçinin seçilən peşənin gələcək perspektivləri, əmək bazarındakı mövqeyi və gəlir imkanları araşdırılmalıdır. Ancaq maliyyə təminatı təkbaşına müəyyənedici faktor olmamalıdır. Şəxsi maraqlar, cəmiyyətə fayda və peşəkar inkişaf imkanları da nəzərə alınmalıdır. Əlavə olaraq, peşə seçimi zamanı sosial təsir də vacib bir məqamdır. İnsanlar cəmiyyətə necə bir töhfə verə biləcəklərini, seçdikləri peşənin onların sosial statusuna və təsirinə necə təsir edəcəyini düşünməlidirlər. Təhsil və praktiki təcrübə imkanları da seçim zamanı əsas rol oynayır. İnsan seçdiyi sahədə inkişaf edə bilmək üçün uyğun təhsil resurslarına və təcrübə proqramlarına çıxış əldə etməlidir”.

“Gələcəyin peşələrini seçmək həm şəxsi, həm də ictimai dəyər baxımından önəmlidir. Doğru peşə seçimi insanın şəxsi məmnuniyyətini təmin etməklə yanaşı, onun cəmiyyətə töhfəsini də artırır. Bu seçim diqqətlə və uzunmüddətli perspektivdə dəyərləndirilməlidir. Texnologiyanın, qlobal problemlərin və dəyişən tələblərin təsiri altında gələcəyin peşələrini seçənlər cəmiyyətdə və iqtisadiyyatda mühüm rol oynamağa davam edəcəklər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Mayıl Soltanov

COP29