“Gələcəyin sağlam əsgəri” 7 saylı məktəbdə

Gənc fəal Amil Şirinlinin icra etdiyi “Gələcəyin sağlam əsgəri” fərdi layihəsi çərçivəsində növbəti tədbir dekabrın 18-də Bakıdakı 7 saylı məktəbdə (Səbail rayonu) keçirilib.

Səbail rayon İcra hakimiyyətinin ictimai-siyasi və humаnitаr məsələlər şöbəsinin təmsilçisi Vətən Rüstəmli, həmçinin ehtiyatda olan hərbçi, I Qarabağ müharibəsi iştirakçısı, “701 saylı Hərbi Hissənin Veteranları” İctimai Birliyinin sədri, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi polkovnik Əzizağa Qənizadənin də qatıldığı tədbir böyük marağa səbəb olub.

Layihənin rəhbəri Amil Şirinli tədbiri açaraq qeyd edib ki, Azərbaycan dövləti gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi üçün ən yüksək səviyyədə şərait yaradıb.

“Biz də gənclər – yetişməkdə olan nəsil olaraq bu imkandan layiqincə istifadə etməli, dövlətin etimadını doğrultmalıyıq. Azərbaycan gənci elə yetişməlidir ki, onun sonrakı taleyi, görəcəyi işlər daim dövlətimizə və xalqımıza üz ağlığı gətirsin. Bizim tənbəllik etməyə, üzərimizə düşən məsuliyyətə xor baxmağa ixtiyarımız yoxdur”, – deyə Amil Şirinli bildirib.

Vətən Rüstəmli çıxışında dövlətin gənclər siyasəti, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi üçün görülən işlər, Səbail rayonunda bu yöndə həyata keçirilən layihələr barədə fikirlərini paylaşıb.

Məktəbin direktoru Könül xanım Həsənova da öz çıxışında dövlət gənclər gənclər siyasətindən danışaraq qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyev şəxsən hər bir gəncin sabahını düşünür.

“Gənclərin maarifləndirilməsinə dövlətin bu qədər diqqət ayırması bizim üçün əlavə imkanlar deməkdir. Gərək bu imkanlar layiqincə dəyərləndirilə, hər kəs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə. Əks təqdirdə biz sabahımız haqqında əminliklə danışa bilmərik”, – deyə Könül xanım qeyd edib.Polkovnik Əzizaga Qənizadə isə bir peşəkar hərbçi, Qarabağ döyüşçüsü və həqiqi vətənpərvər kimi öz təcrübəsindən danışıb, gerçək hərbi həyatla bağlı fikirlərini paylaşıb. Onun canlı örnək olaraq tədbirdə iştirakı xüsusi maraqla qarşılanıb.

Tədbirin sonunda mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, “Gələcəyin sağlam əsgəri” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilir.

COP29