2018-ci ildə Brent markalı neftin dəyəri hər barel üçün 45-55 dollar aralığında dəyişəcək.
Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, belə bir proqnozla Rusiya energetika naziri Aleksandr Novak çıxış edib.
Qeyd edək ki, Rusiya Energetika Nazirliyi daha əvvəl 2017-ci ilin ikinci yarımilliyində neftin bir barelinin 50-60 dollara olacağını proqnozlaşdırmışdı.
Novak neft hasilatının azaldılması barədə Vyana sazişinin uzadılması ehtimalına da aydınlıq gətirib. Onun sözlərinə görə, müddətin uzadılası barədə danışmaq üçün hələ tezdir. Neft ehtiyatları tam gözlənilən həcmdə məhdudlaşdırılmasa, bu barədə müzakirə aparıla bilər.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb. May ayında müddət daha 9 ay üçün uzadılıb.