“Gələn il pensiyalar yenidən artırılacaq” – Nazir

“İindeksasiya nəticəsində gələn ildən etibarən ölkədə əmək pensiyaları bir daha artırılacaq və bu artımın nəticəsi olaraq əlavə 475 milyon manat vəsaitin vətəndaşlarımıza ödənilməsi planlaşdırılır”.

Yenicag.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədə çıxışı zamanı deyib.

O bildirib ki, 114 milyon manat məcburi sosial sığorta haqları hesabına verilən müavinətlər qismində vətəndaşlara ödəniləcək.

Nazir qeyd edib ki, dövlət büdcəsinin öhdəlikləri bu il də balanslaşdırılmış büdcə modeli üzərində qurulduğundan transfertin həcmi ciddi şəkildə azalıb: “Ötən il əhaliyə ödənişlər 1,1 milyard manat artdığı təqdirdə, transfertə cəmi 89 milyon manat ayrılıb. Bu da onu göstərir ki, 1 milyard manatdan artıq vəsait məhz Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artması hesabına qarşılanıb və büdcə üçün əlavə bir yük yaratmayıb”.

Nazir deyib ki, hazırlanan proqnozlar əsasında gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artımına və orta aylıq pensiya məbləğinin 293 manata çatdırılması planlaşdırılır: “Aparılan optimallaşma, eyni zamanda, əsassız əldə edilən pensiyaların ləğvi nəticəsində artıq cari ilin 9 ayı ərzində 99 milyon manata qənaət edilib ki, növbəti dövrlər ərzində də bu məbləğ daha da artacaq və əmək pensiyalarının davamlı şəkildə artımı təmin ediləcək”.

S.Babayev minimum əmək pensiyasının 200 manata çatdırıldığını, bununla da ölkəmizin MDB məkanında alıcılıq qabiliyyəti indeksi üzrə birinci yerdə olduğunu bildirdi. Nazir qeyd edib ki, orta aylıq pensiya alıcılıq qabiliyyətində də ölkəmiz MDB məkanında ilk ikilikdə qərarlaşa bilər.

COP29