Gənc alim sədr seçildi – AMEA-da + FOTOLAR

CAHID7News.az-ın məlumatına görə filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri və Elmi Şurasına üzv seçilib. Məlumatı Cahid İsmayıloğlu 7News.az-a təsdiqləyib.

Məlumat üçün qeyd edək ki, Cahid İsmayıloğlu 1983-cü il sentyabr ayının 9-da Azərbaycan SSR Cəbrayıl rayonunun Soltanlı kəndində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində tamamlamış və 1999-cu ildə Bakı Dövlət Universitetinə daxil olaraq, «Nəşriyyat işi və redaktəetmə» ixtisası üzrə bakalavr pilləsini 2003-cü ildə bitirmişdir. Həmin il «Dilşünaslıq» istiqamətinin «Türkologiya» (Türk dilləri) ixtiası üzrə magistraturaya daxil olmuş və oranı 2005-ci ildə fərqlənmə diplomu ilə başa vurmuşdur. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına daxil olmuş, aspirant olduğu müddətdə «Mahmud Kaşğarlının «Divanü lüğat-it-türk» əsərində onomastik leksika» mövzusunda namizədlik dissertasiyası üzərində işi vaxtından əvvəl başa çatdırıb, 2009-cu ildə uğurla müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

İlk dəfə, 1999-cu ildən «Respublika» qəzetində müxbir vəzifəsi ilə işə başlamış, bir müddət mətbuat sahəsində təcrübi fəaliyyətlə məşğul olmuşdur. Sonradan informasiya-kommunikasiya texnologiyaları biznesi sahəsində çalışmış, bu sahədə təcrübə toplayaraq mütəxəssis kimi hal-hazırda fəaliyyət göstərir. O, «WebStudio.Az MMC» şirkətinə rəhbərlik etməkdədir.

Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi vəzifəsində çalışır.

Mütəmadi olaraq beynəlxalq elmi konfrans, sempoziumlar və tədbirlərdə ölkəmizi təmsil etməkdədir.

İndiyə qədər onun onlarla elmi, publisistik məqalələri, tezisləri çap olunmuşdur. Cahid İsmayıloğlunun «XI yüzilliyin tarixi onomastik leksikası (Mahmud Kaşğarlının «Divanü lüğatit-türk» əsəri əsasında)» adlı monoqrafi yası 2008-ci ildə işıq üzü görmüşdür.

Müəllifin elmi-publisistik, ədəbi-bədii, ictimai fəaliyyəti kitab şəklində nəşr edilmişdir. “Elm” nəşriyyatında çapdan çıxmış nəşrdə müəllifin tədqiqatları, elmi-publisistik məqalələri, rəyləri, müsahibələri, bloq yazıları, şeir və hekayələri toplanmışdır. Yazılar 2000-ci ildən bugünədək olan dövrü əhatə edir.

Nəşrdə toplanılmış yazılarda dil tarixi, etnik tariximiz və dilimiz, gənclərin elmə marağının artırılması, dil problemləri, ədəbiyyatda Qarabağ problemi, ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının elmin bütün sahələrinə tətbiqi və digər mövzular öz əksini tapmışdır.

Cahid İsmayıloğlu hal-hazırda Xəzər Universiteti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında, “Azərbaycan ədəbi dilinin tarixi”, “Dilçiliyin əsasları”, “Yazıya giriş”, “Müasir Azərbaycan dili”, “Azərbaycan dili və nitq mədəniyyəti” fənnlərini tədris edir.

O, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda, “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik” ixtisası ilə elmlər doktoru hazırlığı üzrə doktoranturada, «Azərbaycan mühitində dil siyasəti və dil situasiyası» adlı doktorluq dissertasiyası üzərində işləyir.

Cahid İsmayıloğlu, diasporumuzun, Qarabağ probleminin, Azərbaycan mədəniyyətinin, dilinin, ədəbiyyatının, elminin təbliği ilə internetin yayılmağa başladığı ilk günlərdən məşğul olmuşdur.