Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru təyin edilib.
Bu barədə Yenicag.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
İsmayılzadə Naidə Məbud qızı Bakı şəhərində anadan olub. O, 1981-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Teatrşünaslıq” fakültəsini bitirib. Əmək fəaliyyətinə 1981-ci ildə “Azərbaycanfilm” Kinostudiyasında başlayan N. İsmayılzadə 1984-1989-cu illərdə Azərbaycan Dövlət Filarmoniyasında böyük redaktor işləyib. 1989-2006-cı illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində, 2006-2018-ci illərdə isə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində çalışan N. İsmayılzadə burada işlədiyi müddətdə Nazirliyin İncəsənət İdarəsində baş inspektor, repertuar-redaktor kollegiyasının üzvü, baş mütəxəssis, Teatr sektorunun müdiri vəzifələrini icra edib. N. İsmayılzadə 2018-ci il iyun ayının 1-dək Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin Teatr sektorunun müdiri vəzifəsində çalışıb. O, dövlət qulluğunun kiçik müşaviridir. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Prezidentin sərəncamı ilə N. İsmayılzadə 2009-cu ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Nazirlikdən əlavə edilib ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının keçmiş direktoru Mübariz Həmidov yeni vəzifəyə təyinat alacaq.