“Gənc Vətəndaş” prezident İlham Əliyevə təşəkkür etdi

Azərbaycan milli mətbuatı 142 yaşını qeyd edir. Ötən dövr ərzində zəngin və şərəfli yol keçən ölkə mətbuatı hazırda özünün yüksəliş mərhələsini yaşayır. Şübhəsiz, müstəqil mətbuatın formalaşması və inkişafında Ulu Öndər Heydər Əliyevin rolu danılmazdır. Ümummilli liderin söz və mətbuat azadlığının təmin edilməsi məqsədilə imzaladığı sərəncamlar bu gün real nəticələrini verir. Ulu Öndərin azad sözə verdiyi dəyər onun siyasi varisi, Prezident İlham Əliyev tərəfindən də fəaliyyət istiqaməti kimi qəbul olundu. Ölkə başçısının 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianın inkişafı, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlar kimi dəyərləndirilir. Məhz bunun göstəricisidir ki, bu gün ölkədə kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır.

Son illər mətbuatın qarşısında duran əsas məsələlərdən biri də jurnalistlərin maddi imkanları və yaşayış şəraitinin yaxşılaşdırılması sayılırdı. İctimai həyatın digər sahələrində çalışanlara olduğu kimi, Prezident İlham Əliyev media mənsublarına da xüsusi həssaslıqla yanaşdı və istər televiziya, istərsə də çap mətbuatında fəaliyyət göstərən jurnalistlərlə bağlı bir sıra mühüm sərəncamlar imzaladı. 2013-cü ildə ölkə jurnalistlərindən 156 nəfərə, bu günlərdə isə daha 255 nəfərə mənzil hədiyyə edilməsi Prezident İlham Əliyevin mətbuat nümayəndələrinə verdiyi yüksək dəyərin növbəti təzahürüdür. İyulun 20-də jurnalistlərə mənzillərin təqdim olunması mərsimində çıxış edən dövlət başçısının açıqlamaları isə bütün media təmsilçiləri tərəfindən məmnunluqla qarşılandı. Jurnalistlər etiraf edirlər ki, mənzillərin paylanmasında ədalətlilik prinsipinin qorunması ölkədə düzgün və vicdanlı media siyasəti həyata keçirildiyini göstərir. Jurnalistlər üçün daha bir, sayca 3-cü binanın tikiləcəyi anonsunu verən Prezident yeni binanın təməlini qoydu və növbəti binanın ən uzağı 3 ilə tikilib təhvil verilməsi məqsədilə 5 milyon manat vəsait ayırdı. Beləliklə, humanist və hər kəsin prezidenti olduğunu bir daha təsdiqləyən ölkə rəhbəri Azərbaycan mətbuatına olan hörmətini növbəti dəfə bəyan etdi. Buna paralel olaraq Prezident respublikada nəşr olunan qəzetlər üçün də 1 milyon manat vəsaitin ayrılması haqqında sərəncam imzaladı.

Bu hadisə bütün media təmsilçilərini, bütün gəncləri ürəkdən sevindirir. Təmsil etdiyim “Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyi İdarə Heyyətinin 3 üzvünün həmin mənzil alanlar sırasında olması kollektivimizə xoş anlar yaşatmaqla bərabər ölkə rəhbərinin yürütdüyü humanist siyasətə olan inamın daha da artmasına gətirib çıxarıb. Dünyanın heç bir ölkəsində mətbuat nümayəndələrinə Azərbaycanda olduğu qədər yardım göstərilmir, dəstək verilmir. Ölkə başçısının humanistliyi bəzi vəfat etmiş jurnalistlərin ailələrinə mənzillərin verilməsi nümunəsində də özünü təsdiq edir. Bu isə o deməkdir ki, artıq jurnalistikanı özünə peşə seçən hər bir vətəndaş onun arxasında Azərbaycan dövlətinin, onun prezidentinin dayandığını görür, bu da insanları dövlət başçısı ətrafında daha sıx birləşdirir. Əlbəttə, xalqla hakimiyyətin birliyi, insanların öz prezidentinə inamı ölkəmiz üçün ağrılı olan problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində önəmli rol oynayacaq.

Bu gün Azərbaycan mətbuatı cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunda çıxış edir. 1998-ci ilin avqustunda senzuranın ləğvi ilə mətbuat özünün “dördüncü hakimiyyət” statusunu uğurla həyata keçirməkdədir. Lakin medianın fəaliyyət mexanizmi və təqdim olunma resurslarında müasir dövrün tələblərinə uyğun dəyişikliklər də baş verir. Çoxlu sayda ənənəvi qəzet və jurnalların nəşr olunması ilə yanaşı internet qəzetçilik inkişaf edir. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan keçmir. Məhz buna görədir ki, Prezident İlham Əliyev son çıxışlarında mətbuatı dördüncü deyil, artıq ikinci-üçüncü hakimiyyət adlandırdı. Bu hakimiyyətin gücündən Azərbaycan həqiqətlərinin dünyada təbliği üçün maksimum istifadə etmək qarşıda duran əsas vəzifələrdən olmalıdır. Dünya xalqlarını erməni şovinistlərinin yalançı təbliğatından xilas etmək üçün xaricdə Azərbaycan dilində qəzetlərin, saytların açılmasına, xarici dillərdə internet saytlarının yaradılmasına ciddi zərurət var. Azərbaycan hakimiyyəti və media rəhbərləri bu istiqamətdə də mühüm addımlar atmalıdır. Həmin missiyanın yerinə yetirilməsində isə gənc vətənpərvərlər öz xidmətlərini göstərə bilərlər.

Azərbaycan gəncləri, ictimai həyatın müxtəlif sahələrində çalışan gənc nəslin nümayəndələri ölkə başçısının dediyi kimi, öz fəliyyətləri ilə Prezidentin faktiki, köməkçilərinə çevrilməkdədirlər.

Azərbaycan Respublikasının müstəqillik qazandığı və suveren dövlət quruculuğu prosesini yaşadığı müasir dövrdə kütləvi informasiya vasitələri, o cümlədən milli mətbuatımızın qarşısında tamamilə yeni vəzifələr durur. Bu gün mətbuat müstəqil dövlət, sivil, demokratik vətəndaş cəmiyyəti quruculuğunda, iqtisadi və sosial islahatların həyata keçirilməsində, cəmiyyətdə sosial ədalət və şəffaflığın təmin edilməsində, insan hüquqlarının müdafiəsində, həmrəylik və tolerantlıq mühitinin yaradılmasında, milli şüurun, siyasi mədəniyyətin və bütövlükdə sağlam mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynamalıdır. Bu üzdən ölkə gəncləri, böyük jurnalistlər ordusu sadaladığımız vəzifələrin icrası naminə bundan sonra da var qüvvələrini ortaya qoyacaqlar. Əminliklıə demək olar ki, gənc nəsil prezidentin praqmatik siyasətinin daşıyıcıları qismində çıxış etməklə millətə, dövlətə olan borclarını layiqincə yerinə yetirəcək, Azərbaycan Respublikasının çiçəklənməsi prosesində yaxından iştirak edəcək və bu işdə dövlət başçısının ən yaxın dəstəkçisi olacaqlar!

Bir daha jurnalistlərin mənzillərə təmin olunmasını, mətbuata göstərilən diqqət və dəstəyi alqışlayır, bu sevinci bizlərə yaşatdığına görə prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk.

Günel Səfərova,
“Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru