Gənc yazarın intihar səbəbi bilindi – Rəsmi

Martın 15-də saat 02 radələrində Binəqədi rayon sakini, “Teleqraf.com” agentliyinin redaktoru, 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlunun Binəqədi rayonu ərazisində işlədiyi agentliyin yerləşdiyi binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Bakı şəhər prokurorluğundan Yeniçağ.az–a verilən xəbərə görə, rayon prokurorluğu və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilmiş, çoxsaylı şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla müəyyən edilib ki, M.Abdullayevin intihar etməsinə səbəb ilkin ehtimala görə həyat yoldaşı ilə ailə münasibətlərinin pozulması olub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Yeniçağ.az