“Gəncə Marafonu-2017”nin qalibləri məlum oldu

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarları altında keçirilən “Gəncə Marafonu-2017”nin kişi və qadın kateqoriyaları üzrə qalibləri məlum olub.

Yenicag.az xəbər verir ki, marafonda kişilər arasında finiş xəttini ilk olaraq Türkiyə vətəndaşı Üzeyir Söyləməz keçib. İran vətəndaşı Məhəmməd Cəfər Muradi ikinci, Gürcüstan vətəndaşı Ömər Baikeyev isə üçüncü yeri tutub.

Qadınlar arasında birinci yeri ukraynalı Valentina Poltavıska tutub. Finişə ikinci Azərbaycan vətəndaşı Anna Yusupova, üçüncü isə Britaniya təmsilçisi Nataşa Petersen çatıb.

Marafonda ümumilikdə 11 min nəfər iştirak edib və onlar 17 km məsafə qət ediblər.

Yarışdan dərhal sonra qaliblərin mükafatlandırma mərasimi olub. Mükafatlandırma mərasimi Heydər Əliyev Park Kompleksində keçirilib. Kişi və qadın kateqoriyalarının hər birində ilk yerin sahibi 3 000, ikinci yeri tutan 2 000, üçüncü yerə çıxan isə 1000 manat məbləğində pul mükafatı və xatirə hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediliblər.

COP29