Bu gün saat 15:30-a uçuşu planlaşdırılan Gəncə-Moskva reysi iki saat gecikib.
Yeniçağ.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb təyyarənin göyərtəsində təhlükəli şəxsin olması ilə bağlı daxil olan məlumatdır.
Belə ki, Gəncədən Rusiyanın paytaxtına uçan 110 sərnişindən biri ilə bağlı Moskvadan təcili məlumat daxil olub. Bildirilib ki, şübhəli sərnişinin uçuşuna qadağa qoyulmalıdır.
Hadisə ilə bağlı xüsusi təyinatlı qrup tərəfindən Gəncə aeroportunda əməliyyat keçirilib. Əməliyyata təlim görmüş itlər də cəlb olunub.
Hərəkətdə olan təyyarə geri qaytarılıb və əlində göy çanta olan 25-26 yaşlı şübhəli şəxs saxlanılıb.
İki saatlıq gecikmədən sonra təyyarə saat 17:30-da Moskvaya uçub.
Hüquq Mühafizə Orqanları baş verən əməliyyatla bağlı rəsmi məlumat yaymayıblar.
Yeniçağ.Az