Gəncə “qisasçısı”: Məmmədin qatır soyluları

Azərbaycanın mənəvi paytaxtı sayılan Gəncə nədən və kimlərin hədəfinə gəldi?

Ölkənin ötən həftə üzləşdiyi enerji böhranı yaranan “qara zolağın” ilk qalın cizgisi oldu. Bu olayın təsiri və nəticələri aradan qalxmadan Gəncənin icra başçısı Elmar Vəliyev ölümcül sui-qəsdə məruz qaldı. Azərbaycanın hüzurunu pozan bu iki hadisənin doğurduğu effekt arzuolunmaz ərəfənin yetişdiyini göstərirdi.

Vəliyevi və mühafizəçisini güllələyən Yunis Səfərov haqqında dövriyyəyə buraxılan ilkin versiyalar sui-qəsdin gerçək motivinə nəinki aydınlıq gətirmədi, əksinə, ipləri daha da dolaşdırdı. Ancaq Səfərovun sui-qəsd cəhdinin İranla və tətikçinin dini baxışları ilə əlaqələndirilməsi yeni “pərdə”nin qaçılmazlığı qənaətini gücləndirirdi.
Səfərovun məlum addımını dəstəkləyən, bu sui-qəsdi Azərbaycan çapında “cihad” kimi qiymətləndirənlərin çağırışları isə gedişatın yolverilməz məcraya yönəldiyinə şübhə yeri qoymurdu. Bu baxımdan, Gəncədə mayın 10-na təyin edilmiş aksiyanın sosial şəbəkələrdə intensiv təbliğ edilməsi təhlükənin addım-addım yaxınlaşdığını təsdiqləyirdi.

Dünən axşam saatlarına qədər Gəncədən hər hansı həyəcanlı xəbərin çıxmaması aksiya anonsunun adi blef olduğunu söyləməyə əsas verirdi. Ancaq bu rahatlıq uzun sürmədi. Dini fanatiklərin Gəncədə ayaqlanması və şəhərdə gərginliyin son həddə qədər artması haqda məlumatlar ildırım sürətilə yayıldı.

Hər kəs bu ayaqlanmanın sonunu təxmin edərkən alınan xəbər isə ölkəni sarsıtdı. Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Səməd Abbasov azğınlaşmış fanatiklərin ani hücumu nəticəsində qətlə yetirildi. Lakin qısa müddət ərzində şəhərdə asayiş bərpa olundu, təhrikçilərin böyük hissəsi gözaltına alındı.

Meydana gələn bu ciddi olayları xroniki ardıcıllıqla təhlil etdikdə, hər üç hadisənin eyni zəncirin halqaları olduğunu əminliklə söyləmək mümkündür. Mingəçevir qəzası ilə yaranan enerji böhranı; Elmar Vəliyevin vurulması və Gəncədə qanlı ayaqlanma…

Bütün bunların Azərbaycana açıq təhdid mesajı olduğu gün kimi ortadadır. Hansı ölkə tərəfindən və niyə? Rusiya, İran, yoxsa, Qərb? Yuxarıda deyildiyi kimi, iplər o qədər dolaşıb ki, adları çəkilən ölkələri suçlamaq, həm də təmizə çıxarmaq üçün yetərincə ciddi arqumentlər gətirmək olar.

O baxımdan, ən azı indiki şəraitdə yalnız məntiqi ehtimallar üzərində qəti fikir bildirmək doğru olmazdı. Hər halda, istintaqın müəyyən detalları açıqlamasından sonra çox “ı”lərin üzərinə nöqtə qoyulacaq.

Təbii, dünənki Gəncə iğtişaşlarının kuliminasiyası iki polis zabitinin qətlə yetirilməsidir. Azərbaycanda üzərində dövlət rəmzlərini daşıyan polis məmurunun öldürülməsinə dair sonuncu faktın nə vaxt qeydə alındığını çoxumuz xatırlamırıq.

Hətta ölkə müxalifətinin icazəsiz aksiyalarının dağıdılması zamanı polisin bəzən aşırı güc tətbiq etməsi də nümayişçiləri adekvat davranışa sövq edə bilməyib. Asayiş keşikçilərinə barmağı ilə toxunmaq belə nümayişçilərin ağlının ucundan keçməyib, o ki qala polis zabitlərini qətlə yetirmək…

Bu mənada sosial şəbəkələrdə müxtəlif siyasi düşüncə daşıyıcılarının olaya qəti və birmənalı reaksiyası dövlətin görəvləndirdiyi şəxslərin toxunulmazlığı məsələsində yekdilliyin olduğunu nümayiş etdirir.

Lakin dövlət adamına əl qaldıran fanatiklər – hansısa ölkənin xüsusi xidmət orqanı ilə bağlılığından asılı olmayaraq – əlbəttə ki bu həmrəylikdən kənardadırlar. Fanatik yığınının bu ayaqlanmasını Səfərova görə “qisas aksiyası” kimi dəyərləndirən, baş verənlərə haqq qazandıran cahillər isə Qatır Məmmədi – dövlətinə asi düşən xaini xatırladırlar.

Qatır soylulardan bundan başqa nə gözləniləsidir ki?
A.Zeynalov