Natiq Əliyev 2015-ci ildən 2021-ci ilin 16 noyabrınacan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE), Kiçik çavuş kimi fəaliyyət göstərib.
2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. Allah qoruyana düşmənin nəinki gülləsi, tankı,topu da təsir etməz. Aprel döyüşlərindən alnıaçıq çıxan Natiqin sınaqları hələ irəlidə imiş.
Vətən müharibəsinə də yollandı igidim. 44 gün ölüm-qalım savaşında, əzrayılın pəncəsindən də qəhrəmanlıqla qalib çıxdı. Adını Vətən müharibəsinin canlı qəhrəmanı kimi tarixə salmışdı. Düşmənin namərdliyi aman versəydi…Düşmən dayanarmı, Qarabağın dadı gözlərini qana bələyib axı. Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində genişmiqyaslı təxribatla 2021-ci il noyabrın 16-sı qəfil hərbi əməliyyatlara başladı torpaq üzünə həsrət qalanlar.
Başlanan hərbi əməliyyatlarda Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğradı. İflasa uğradanlardan idi Natiq. Kiçik çavuş 16 noyabr 2021-ci ildə cəbhənin Laçın rayonu istiqamətində antiterror əməliyyatını yerinə yetirərkən şəhid oldu .17 noyabr 2021-ci ildə doğulduğu Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. O, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Hal-hazırda Gəncənin sonuncu – 16 noyabr Şəhidi, bir övladı Vətənə əmanət qalan şəhidimin evindəyəm.
Gəncənin qədim küçələrindən Sabir küçəsində ilk gözümə çarpan onun şəklidir. Baxıram ,düşünürəm, qəribə bir sual dolaşır beynimdə: “ Niyə bütün şəhidlər bu qədər yaraşıqlıdır?” Sanki Yaradan xüsusi qələmiylə çəkib, hüsnlərinə, camallarına hər kəsdən fərqli gözəllik, yaraşıq, bir də ilahi nur verib hamısına. Hamısı şəxsiyyətlidir, hamısının baxışından mərdlik yağır, hamısı düşmənə meydan oxuyur sanki. Bütün şəhid analarında da eyni olanlar var; nisgil, gözlərindəki həsrət, bala dərdi… Kaş əlimdən çox şey gəlsə… Məsələn, sizi ziyarətdən başqa, igidlərimizi mədh etməkdən başqa , yaranıza məlhəm ola bilsəm. Gözlərinizdən öpüb, şəhidinizin sığalından çəkə bilsəm ağaran saçlarınıza. Ağızdolusu ana xitabım bir ərkyana çağırışa oxşasa… “Kaş ki” deyəcəyim onca kəlmələrlə savaşıram elə bil. Eyni evlər, eyni hadisə, eyni dolmuş gözlər, çağlayan ürəyim, çarəsizliyim və birdə buza dönmüş çay…
Bağışla bizi, Ətayə ana, oğlunun haqqı olmasa idi, bu gün bu torpağın üstündə nə işimiz var idi? Haqqınızı halal edin bizə, şəhid anaları, bu Vətənin hər qarışını sizin dünyaya gətirdikləriniz bəxş edib bizə. Cəfasını onlar çəkdilər, səfasını biz sürürük. Bu səfanı halal edin bizə…
Bu gün alnıaçıq Azərbaycan xalqı üçün əllərinizdən öpürəm.
Beləcə, Gəncə şəhidimlə də sağollaşıram. Minnət borcu çiyinlərimi əysə də, qürur hissi başımı önə əymədi. Qürurla ayrılıram Sabir küçəsindən, xoşca qal, şəhidimin ruhu, sağlıqla qal, Ətayə ana.