Gəncə SOS Uşaq Kəndində QANDONDURAN RƏZALƏT: İcra Hakimiyyəti dəhşətli cinayətləri niyə gizlədir? – FOTOLAR
Uşaqların qul kimi işlədilməsi, döyülmələr, haqsızlıqlar, korrupsiya, şərləmələr və daha nələr, nələr…
Yuxarıdakı cümləni oxuyanlar elə biləcək ki, söhbət alman faşistlərinin II Dünya Müharibəsində yaratdıqları ölüm düşərgələrindən gedir. Əsla! Söhbət kimsəsiz uşaqların qorunması, təhsil alması və cəmiyyətə qazandırılması üçün yaradılmış SOS Uşaq Kəndinin Gəncə filialında hökm sürən dəhşətli vəziyyətdən gedir.
Nə baş verdiyinə keçməzdən əvvəl oradakı rəzalətin necə üzə çıxmasına toxunaq. Belə ki, “Umay ana” Uşaq Qoruma və Uşaq İnkişaf Təşəbbüs Qrupunun təsisçisi Qarayeva Aynur Cavid qızı sosial şəbəkədə “SOS”dan çıxmış, valideyinlərini itirmiş Kamran Qurbanovun evsiz-işsiz olması barədə elan görüb. Aynur Qarayeva bildirir ki, elanı gördükdən sonra oğlana dəstək olmaq istəyib:
“Dəstək lazım idi. Yazıb, bizdə müəyyən müddət qala biləcəyini, kompüter kursu və iş məsələsinə kömək edəcəyimi dedim. Qurbanov Kamran bizə gəldikdən sonra söhbət əsnasında SOS Uşaq Kəndinin Gəncə filialında baş verənlər və başına gələnlərlə bağlı danışdı. Ürəyim götürmədi. Mehriban xanıma zəng edib, kömək istədim. Bundan sonra uşaqlar tapıldı, onlarla danışıldı, daha sonra vəkil tutaraq izahatlar yazıldı və dövlət qurumlarına məlumat verildi”.
Bizə daxil olan şikayət əsasında baş verənləri araşdırmağa başladıq. Müraciət müəlliflərindən biri – Gəncə şəhəri SOS Uşaq Kəndinin keçmiş sakini Allahverdiyev Tural Şahin oğlu orada yaşananları belə təsvir edir:
“Gəncə şəhər SOS Uşaq Kəndinə atam tərəfindən yerləşdirilmişəm. Anam olmadığı üçün atam məni tək böyüdə bilmirdi, ona görə də oraya təhvil verdi, özü də Rusiyaya işləməyə getdi. Məni əvvəlcə Zinayət anaya təhvil verdilər. Bir müddət sonra işdən çıxdı. Ondan sonra bizi Təranə adlı qadının yanına yerləşdirdilər. Mənim bütün bədbəxtliklərim də bundan sonra başladı. Təranə xala ilə Nəsimi dayı birgə Bakıdan paltar gətirib, Gəncədə satırdılar.
Bundan əlavə, Gəncə SOS Uşaq Kəndinin filial direktoru Nəsimi Ələkbərli və pedaqoq Mətanət xalanın münasibətlərinin olması barədə uşaqlar arasında söz-söhbət gəzirdi. Bu söz-söhbətə heç vaxt qoşulmadığım halda, adım bunu yayan uşaq kimi çıxdı. Bu söhbətlər Gəncə SOS Uşaq Kəndinin filial direktoru Nəsimi Ələkbərlinin qulağına çatdıqdan sonra özüm də anlamadan tələm-tələsik Gəncə SOS Uşaq Kəndinin işçiləri Hicran Mirzəyeva, Mətanət Həsənova ilə aralarında iclas keçirərək, məni Mərdəkanda yerləşən uşaqlar üçün psixi dispanserə yerləşdirdilər. Səbəbini soruşduqda, mənə dedilər sən dəlisən.
Psixi dispanserə yerləşdirildiyim vaxtdan hər gün Allaha dua edirdim ki, dəli olmayım. Həkimlərin verdiyi dərmanları qəbul etmirdim, çünki biliridm ki, dəli deyiləm. Açığı, oradakı xəstələrin arasında dəli olmamaq üçün özümü güclə qoruyurdum. Sonralar həkimlər mənə dedilər ki, Tural, sən xəstə deyilsən, səni bura niyə yerəşdiriblər?
Oradakı həkimlər Nəsimi Ələkbərli və Mətanət Həsənova tərəfindən düzəldilmiş sənədləri bir daha gözdən keçirdilər. Mənə dedilər ki, atana de, səni gəlib buradan aparsın, bura sənin yerin deyil. Mən də dedim ki, siz deyin, çünki həkim sizsiniz, mənim dəli olmadığımı ancaq siz deyə bilərsiniz. Nənəm məni gəlib götürənə qədər uşaqlığımın ən gözəl vaxtları psixi dispanserdə keçdi. Hazırda Gəncə şəhərində yaşayıram və mənə atılan bu böhtana görə heç bir yerdə işə götürmürlər, buna görə də dolana bilmirəm. Bu şəxslərlə bağlı tədbir görülməlidir”.
Ölkə rəhbərliyinə müraciət edən Tural Allahverdiyev bildirir ki, adı keçən şəxslər əməllərinin üstü açılmasın deyə, sağlam uşaqları dəli edirlər. Nəsimi Ələkbərli və Mətanət Həsənova hələ də uşaqlara deyirlər ki, ağıllı olun, özünüzü yaxşı aparmasınız, Tural kimi sizi də dəlixanaya basdırarıq.
Gəncə şəhəri SOS Uşaq Kəndinin keçmiş sakini Qurbanov Fərid İlham oğlu isə orada başına gələnlərlə bağlı bunları deyir:
“Kiçik yaşlarımdan bacı və qardaşlarımla birlikdə Gəncə SOS Uşaq Kəndinə xalam tərəfindən yerləşdirilmişəm. Bizi Gəncə SOS Uşaq Kəndinə yerləşdirmək üçün filial müdiri Nəsimi Ələkbərli xalamdan hər uşaq üçün 100 manat istəmişdi. Əks təqdirdə, bizi çölə atacaqdı. Xalam isə həmin vaxtlar imkanı olmadığı və Rusiyaya qayıtmalı olduğu üçün hər birimizə görə 100 manat verəcəyini vəd etmişdi. Ancaq imkanı olmadığı üçün o pulu ödəyə bilmədi. Bu səbəbdən də Nəsimi müəllimin bizi görməyə gözü yox idi. Ancaq sonralar xalam qoyun hədiyyə edərək, onu yumşalda bilmişdi.
Bizi və bizimlə birgə başqa uşaqları “SOS”-dakı anamız İrina Hüseynzadəyə verdilər. O, bizə qarşı çox mehriban və qayğıkeş idi. Nədənsə, Nəsimi müəllim İrina anamızı sevmirdi, bizi daim ona qarşı qaldırmağa çalışırdı. Bizə deyirdi ki, dediklərimi etməsəniz, onunla birlikdə sizi də “SOS”-dan qovacam. Bizim gedəcək yerimiz olmadığı üçün onun qapısında qul kimi işləyirdik. Anamız buna etiraz etdikdə, onu şərləyərək, işdən qovdu.
İrina anamız daim bizi müdafiə etdiyi üçün biz də onun müdafiəsinə qalxdıq və Milli Ofis rəhbərliyinə ərizə ilə müraciət etdik. Ancaq Nəsimi Ələkbərli onu işdən qovmağa nail oldu. Sonradan məni və digər uşaqları İrina anamızın müdafiəsinə qalxdığımız üçün, qohumu Tacirə xalaya və Mətanət xalaya təhvil verdi. Bakıda 2014-cü ilin mart ayında təşkil edilmiş Novruz şənliyindən sonra qaldığımız evdə Tacirə və Mətanət bizi dizin-dizin sürünərək, Nəsimi müəllimdən üzr istəməyə məcbur etdi. Mənə “qələt edib, İrinanı müdafiə etmişik”, – dedirtdilər. SOS Uşaq Evində haqqını tələb edirsənsə, Nəsimi müəllimin evində işləməkdən boyun qaçırırsansa, onun maşınını yumaqdan imtina edirsənsə, Nəsimi Ələkbərlinin düşməninə çevrilirsən. Orada uşaqlar daim Nəsimi və Mətanət tərəfindən alçaldılıb, söyülürdü.
Bizim adımıza gələn paltarları geyinməyə, istəməyə ixtiyarımız yox idi. SOS Uşaq Kəndinin psixoloqu Arzu Quliyeva isə bizim müdafiəmizə qalxmırdı. Hazırda “SOS”-dan tamamilə heçnəsiz çıxmışam. “SOS”-un qanununa görə, hesabımda pul olmalı idi. Hazırda nə qalmağa yerim, nə işim, nə də yeməyim var. Səbəb isə SOS Uşaq Kəndinə gələn bütün yardımların Nəsimi Ələkbərli tərəfindən qəsb edilməsidir”.
2014-cü ilin yanvar ayına qədər Gəncə SOS Uşaq Kəndində tərbiyəçi-ana vəzifəsində çalışan Amirə Cəlil Sabir qızı (o vaxt adı Hüseynova İradə Sabir qızı olub, sonradan adını dəyişdirib) isə bunları danışıb:
“İşlədiyim dövrdə uşaqlar məndən daim razılıq edirdi. Ancaq Nəsimi Ələkbərlinin gözü məni götürmürdü. Səbəb isə çox sadə idi. Digər analar kimi ona aylıq 200 manat haqq vermirdim, uşaqlara qarşı edilən haqsızlıqlara etiraz edirdim. Nəsimi Ələkbərli daim uşaqlara öz avtomobilini yuduzdurur, evində fəhlə kimi işlədirdi.
Gəncə SOS Uşaq Kəndi yarandığı gündən ora gələn ianələrin hamısı Nəsimi Ələkbərli tərəfindən mənimsənilirdi. Nəsimi Ələkbərli SOS Uşaq Kəndinin pedaqoqu Mətanət Həsənova ilə sevgili idilər. Bunu gözü ilə görən uşaqlar danışdıqları üçün mütləq şəkildə cəzalandırıldılar, “SOS”dan qovuldular.
Bu uşaqlardan biri də vaxtilə SOS UK-nin 12 saylı evində yaşayan Tural Allahverdiyev idi. Hansı ki, “SOS”-a sağlam qəbul olan uşaq, əxlaqsızlığı gözü ilə gördüyü üçün “dəli” adı verilərək, Bakıda dəlixanaya yerləşdirildi. Bundan başqa, (ad, soyadını açıqlamırıq) iki azyaşlı uşaq cinsi zorakılığa məruz qalmışdı. Nəsimi Ələkbərli isə bununn üzə çıxmaması üçün həmin 5 yaşlı qızı xəstəxanaya aparmışdı, həkim isə qızın guya pəncərə silərkən yıxılaraq bakirəliyinin pozulmasını sənədləşdirmişdi. Həmin qız zorlanarkən, 5 yaşı vardı, 5 yaşlı uşağın pəncərə silməsi hansı məntiqə uyğundur?
Belə hallar SOS UK-də onlarladır. SOS UK-də işləyərkən, maaş və alış-veriş kartım vardı. Pul köçürmələri gecikəndə, öz pulumu xərcləyirdim, kartıma pul köçürüləndə isə xərclədiyim pulla əvəzləşdiridim. Bir gün hesabladım ki, SOS UK-nın mənə 5 min manat borcu var. Bunu Nəsimi Ələkbərliyə dedim. O da söz verdi ki, pul köçürüləndə, bunu əvəz edəcək. Nəsimi Ələkbərli 2013-cü ilin avqust ayında məni məzuniyyətə göndərdi və nəzarətimdə olan bank kartlarımı SOS-da qoymağı tələb etdi. Sonra bank çıxarışlarına əsasən məlum oldu ki, həmin “SOS”-un mənə olan borcu 3090 manat bir, 1 444 manat da digər bank kartına köçürülüb. Mən məzuniyyətdə olarkən pullar kartdan kimliyini bilmədiyim şəxslər tərəfindən götürülüb. Bununla bağlı Nəsimi Ələkbərliyə müraciət etdikdə isə o məni hədələdi və dedi ki, əgər pulu istəsəm, 2013-cü ilin dekabr ayından olan müqaviləmi pozacaq və işdən çıxaracaq.
Onun barəsində şikayətlər etdim, ancaq heç bir nəticə vermədi. SOS UK demək olar ki, Nəsimi Ələkbərlinin qohumlarından ibarətdir. Baş mühasib Rüfət Vaqifli xalasının kürəkənidir, Gənclər evinin rəhbəri Ceyhun Əliyev isə xalasının digər kürəkənidir”.
Qeyd edək ki, Amirə Cəlil dedikləri ilə bağlı faktları, o cümlədən, bank çıxarışlarını prokurorluq orqanlarına göndərib. Digər şikayətçimiz isə SOS UK-nin Gəncə filialı yarandığı gündən – yəni, 2006-cı ildən 2018-ci ilin dekabrına qədər orada tərbiyəçi-ana vəzifəsində işləmiş Qulami Nəcibə İbrahim qızıdır. Nəcibə Qulaminin yazdıqlarını oxuyaq:
“İşimdə məsuliyyətli və qayğışkeş olduğumu hər kəs bilir. Uşaqlara qarşı olan haqsızlığa qarşı daim səsimi çıxarmışam. Elə sırf bu səbəbdən də işdən çıxarılma təhlükəsi ilə həmişə üz-üzə olmuşam. Nəsimi Ələkbərlinin əlinə bəhanə verməmək üçün daim diqqətli olmuşam. Nəsimi Ələkbərli öz oğluna qıymadığı halda, “SOS”-un uşaqlarına qış aylarında maşınını yudurdurdu. Ümumiyyətlə, orada uşaqlara qarşı çox haqsızlıq olurdu.
Hansı tərbiyəçi buna etdiraz edirdisə, onu dərhal işdən çıxarırdı. Belə şəxslərdən biri də Mehriban Əhmədova idi. Hansı ki, Nəsimi Ələkbərli iclaslarda dəfələrlə “onun gözü mənim yerimdə idi, ona görə də ondan əvvəl tərpəndim və işdən çıxardım”, – deyə etiraf etmişdi. Mehriban Əhmədova haqlarının bərpası üçün Nəsimi Ələkbərlini məhkəməyə vermişdi. Bu zaman uşaqların soyuq qış günündə onun maşnını yuması və soyuqdan titrədikləri vaxt öhdəmdə olan qızım Zərinənin çəkdiyi şəkli Mehriban xanımın “Vatsap” nömrəsinə göndərdim. Bundan Nəsimi Ələkbərli xəbər tutmuşdu. Ona görə də, Zərinəni sıxışdırmağa başladı ki, məhkəmədə desin onu Mehriban Əhmədova öyrədib.
Vəziyyətin belə olduğunu gördükdə, “SOS”-dakı digər uşaqlarım Əliyev Nicat və Cabbarlı Aytəkinin Nəsimi Ələkbərli, Mətanət Həsənova, baş mühasib Rüfət Vaqifli, psixoloq Arzu Quliyeva tərfindən başına açılan oyunları bildiyim üçün dedim ki, Mehriban xanıma göndərilən Samir Adıgözəlovun şəklini mən çəkmişəm və göndərmişəm. 2014-cü ildə Gəncə SOS Uşaq Kəndinin gənc sakini Aytəkin Cabbarlı və Nicat Əliyev arasında Nəsimi Ələkbərli, pedaqoq Mətanət Həsənovanın münasibətlərı haqqında telefonla yazışmaları olub. Aytəkinin telefonu Mətanətin əlinə keçdikdə, bütün yazışmaları oxuyandan sonra məni ofisə çağıraraq, yuxarıda adları çəkilən işçi qrupunun yanında gecə saatlarında 18 yaşlı Aytəkinin saçını əlinə dolayaraq sürüdü, təhqir etdi. Aytəkin qaçmaq istəyəndə isə onun qarşısını baş mühasib Rüfət Vaqifli kəsdi.
Nicat isə SOS UK-nin gənclər evinin sakini idi. Universitetə hazırlaşırdı. Nəsimi Ələkbərli ilə qohumu gənclər evinin lideri Ceyhun Əliyev Nicatı qorxutmaq üçün “Aytəkinlə olan telefon danışqılarını prokurorun qabağına qoyacam və səni içəridə it kimi çırpdıracam”,- deyərək, “SOS”dan getməsi üçün ərizə yazdırdı, onu oradan uzaqlaşdırdılar.
Bütün bunları görüb və Zərinənin də başına bu işlərin gəlməməsi üçün digər şəkilləri də Mehriban xanıma göndərdim ki, məhkəmədə uşaqların dərdini açıqlasın. Bundan xəbər tutan Nəsimi, Mətanət və Rüfət birləşərək, mənə guya iki toyuq əvəzinə marketdən 4 toyuq almışam deyib, şərləyərək məni işdən çıxardılar. Ərizə yazmağım barədə dil töksələr də, yazmadım. Mənim ardımca Zərinəni də SOS UK-dən uzaqlaşdırdılar.
Onların əməlləri bununla bitmir. Gəncə SOS UK-nin tərbiyəçi-analarının ailə büdcəsindən istifadə edib, inək, dana alaraq Gəncə SOS UK-də tövlə tikdirmişdilər. Gəncə SOS UK-nə ianə edilən qurbanlıq qoyunlar ya dişi heyvanla dəyişdirilirdi, ya da Hacıkəndin kababxanalarına və restornalarına satılırdı. Sual olunur, əgər Gəncə SOS UK-nin tövləsi və heyvandarlığı varsa, analar ət və südü niyə görə marketdən alırdı? Nəyə görə hər ay qalaq-qalaq ət, süd məhsullarının alınması barədə hesabatlar verilirdi?
Gəncə SOS UK-nin “Nİva” markalı maşını vardı. Nəsimi Ələkbərli həmin maşının təmiri üçün hər ay bizdən pul yığırdı. Gəncə SOS UK-nin ilk mühasibi İradə xanım biz anaları yığdı və iclas edərək dedi ki, dövlət hər ay avtomobilin təmiri üçün kifayət qədər pul ayırır, buna görə də, siz pul verməməlisiniz. Bu sözləri dediyinə görə İradə xanım işdən çıxarıldı. Bütün bu faktların ortaya çıxması üçün İradə xanım dövlət tərəfindən dindirilərsə, Gəncə SOS UK-da korrupsiyanın necə baş verdiyini və bizim də bilmədiyimiz yeyintilərin üstünü aça bilər”.
Gəncə SOS UK-də baş verən haqsızlıqlara görə “SOS”-un rəhbərliyini məhkəməyə verən Əhmədova Mehriban Eyyub qızı isə bunları deyib:
“Vaxtilə rəhbəri olduğum SOS Uşaq Kəndi Qısa Müddətli Qayğı layihəsinin analarından olan İlahiyyə Mehdiyeva ilə təsadüfən görüşdüm. O mənə dedi ki, Nəsimi Ələkbərli “əgər Mehribanın arxasında duraraq, məhkəmədə onun xeyrinə danışsan, səni də içəri atdıracam, Gəncə şəhər prokurorluğu məni qoyub, sizi eşidəsi deyil”, – deyərək hədələyib. Sonradan öyrədim ki, məhkəmə prosesi zamanə Nəsimi Ələkbərli oradakılara deyib ki, kim Mehribanın zənginə cavab versə, zənglər birbaşa prokurorluq orqanlarına gedəcək və həmin şəxs təcili həbs ediləcək”.
Gəncə SOS UK-də yaşamış və problemlərlə üzləşmiş Qurbanov Kamran İlham oğlunun yazdıqları da həmin uşaq kəndindəki dəhşətlərə işıq salır:
“Gəncə SOS UK-nə xalam tərəfindən yerləşdirilmişəm. Bizi və bizimlə bərabər başqa uşaqları “SOS”da anamız olan İrina Hüseynzadəyə verdilər. O, bizə qayğı göstərir, daim qeydimizə qalırdı. Nədənsə, Nəsimi müəllim onu sevmirdi və bizi onun üzərinə qaldırmağa çalışırdı. Əgər biz onun dediklərini etməsək, bizi “SOS”-dan qovacağı ilə hədələyirdi. Gedəcək yerimiz olmadığı üçün onun dediklərini edir, həyətində qul kimi işləyirdik.
Mətanət xala məni dəfələrlə döyürdü, elə olurdu ki, heç bunun səbəbini də bilmirdim. Dəfələrlə Nəsimi müəllim bizi aldadaraq, həyətimdə xırda iş var, görün haqqı nədir verəcəm, deyirdi, ancaq işi görəndən sonra pulumuzu vermirdi. Yay-qış onun avtomobilini biz yuyurduq”.
Kamran Qurbanov bildirib ki, şikayət ərizəsindən sonra Nəsimi Ələkbərli və Ceyhun Əliyev ona təzyiq edərək, şikayəti geri götürməli olduğumu deyiblər.
İfadələrdən də göründüyü ki, SOS Uşaq Kəndinin Gəncə filialının müdiri Nəsimi Ələkbərlinin ünvanına son dərəcə ciddi ittihamlar irəli sürülüb. Haqqında deyilən ittihamlara münasibətini öyrənmək üçün Nəsimi Ələkbərlinin özü ilə də əlaqə saxladıq. Ələkbərli Yenicag.az-a qısa açıqlamasında yuxarıda qeyd olunan şikayətlərin Gəncə Şəhər İcra hakimiyyəti tərəfindən araşdırıldığını bildirib:
“Şikayət ərizələri birinci vitse-prezident Mehriban Əliyevaya da yazılıb. İcra hakimiyyəti gəlib araşdırma apardı, uşaqları dindirdi, izahatları alındı. İcra hakimiyyətinin qərarını gözləyirik”.
Kamran Qurbanovun iddiasına gəldikdə isə Nəsimi Ələkbərli bunları deyib:
“Kamranla danışmamışam. Kamranın heç nömrəsini belə bilmirəm. Məsələni icra hakimiyyəti araşdırır”.
Bu işi araşdıran Gəncə Şəhər İcra Hakmiyyətinin aparıcı məsləhətçisi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Qasımova Gültəkin isə Yenicag.az-a açıqlamasında aparılan araşdırmalar nəticəsində edilən şikayətlərin əsassız olduğunun aşkarlandığını deyib:
“Bütün sənədlər məndə var. Uşağın özü etraf etdi ki, ərizə yazmağa onu məcbur ediblər. Orxan dedi ki, oxumadan qol çəkmişəm. “SOS”-dan çıxanların da hamısının izahatını almışam. Nəsimi müəllimlə elə bir münasibətim yoxdur. Biz dövlət qulluqçuları həqiqəti üzə çıxarmaqda məsuliyyət daşıyırıq. Uşaqların döyülməsi, söyülməsi yalandır”.
P.S. Yenicag.az olaraq, bu məsələni nəzarətə götürürük və araşdırmalarımızı davam etdirəcəyik.
Səxavət Məmməd