Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA

“Bizim prosedur qaydalarına əsaslanaraq deyə bilərəm ki, koronavirusdan vəfat edən şəxslərin cəsədlərinin dəyişik düşməsi bizim səhvimiz olmayıb”.

Yenicag.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Gəncədə koronavirusdan ölən 12 nəfərin meyitinin dəyişik düşdüyünə dair yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

O bildirib ki, bəzilərindən fərqli olaraq heç kimi ittiham etmək istəmir:

“Bəli, Gəncədə meyitin dəyişik düşdüyü hadisə olub. Lakin mən kimisə ittiham etmək niyyətində deyiləm. Sadəcə olaraq sizə proseduru izah edəcəm, özünüz qərar verin.

Əvvəl onu deyim ki, xəstəxanada dünyasını dəyişən xəstələri morqa göndərməzdən əvvəl meyitə aid xəstəlik tarixçəsi onun üzərinə qoyulur. Bir anda morqa bir neçə meyit göndərilən zaman onların sənədlərinin dəyişik düşmə ehtimalı da nəzərə alınırdı. Demirəm belə olub, amma xəstəxanalarda bu səhvə yol verilə bilər. Bir neçə meyit göndərilən zaman sənədlərin dəyişik düşmə ehtimalı mümkün ola bilər.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində yalnız üzərində ona aid sənədlər olan meyit qəbul edilir. Meyit açılır, yuyulur, dezinfeksiya edilir, yenidən yuyulur, dini qaydalara riayət olunaraq kəfənlənir və ailə yaxınlarına dəfn olunması üçün təhvil verilir.

Amma biz artıq bir neçə müddətdir ki, xəstəxanalardan gətirilən meyitlərin sənədlərinin dəyişik düşmə ehtimallarını nəzərə alaraq, qabaqlayıcı tədbirlər görmüşük. Belə ki, meyit morqa gətirilən zaman ailə yaxını təsdiq etməmiş içəri qəbul edilmir. Koronavirus infeksiyasına yoluxma halı nəzərə alınaraq, içəri heç kim buraxılmır. Morqun qapısında şəxs xüsusi geyimdə, müəyyən məsafədən meyitə baxır, təsdiq edir ki, bu, onun yaxınıdı, daha sonra əməkdaşlar meyiti qəbul edir, prosedur qaydalarına uyğun şəkildə yuyub, kəfənləyib, təhvil verir.

Belə olan halda sizcə hər hansı qarışıqlıq ola bilərmi? Bu prosedurda hər hansı yanlışlıq olması sıfırdır. Bu prosedur Bakıda çoxdan tətbiq edilir, bir neçə müddətdir Gəncədə də tətbiq edilir. Əgər insan özü öz yaxınını tanıyırsa, təsdiq edirsə, burada hansı yanlışlıqdan danışmaq olar?”

Xatırladaq ki, Gəncədə koronavirusdan ölən 12 nəfərin meyitinin dəyişik düşdüyünə dair məlumatlar yayılmışdı. TƏBİB-dən məsələyə verilən açıqlamada isə xəstənin xəstəxanada ölməsi hallarında cəsədin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verildiyi, sözügedən quruma nəzarətin isə TƏBİB-də olmadığı qeyd olunub.

www.yenicag.az

296