Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop dərman həbləri əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Nizami Vəliyev saxlanılaraq polis bölməsinə gətirilib.
Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, şəxsin üzərinə baxış keçirilən zaman 10 ədəd “tramadol” həbi aşkar edilərək götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxs həmin həbləri 15 manata Faiq adlı şəxsdən aldığını bildirib.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddə əldə edib saxlamaqda və satmaqda şübhəli bilinən Faiq Musayev saxlanılıb.
Onun üzərindən də “tramadol” həbləri aşkar edilərək götürülüb. Dindirilmə zamanı F. Musayev həmin həbləri şəhər sakini olan bir qadından aldığını bildirib. Hazırda həmin şəxsin kimliyinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bundan başqa ŞBPİ-nin digər tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri – Ramin Həsənov, Kənan Mahmudov, Məmmədhəsən Məmmədov və Namiq Cəlilov saxlanılıb, həmin şəxslərin üzərindən qanunsuz olaraq narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.
Aşkar edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.