Xəbər verildiyi kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər – Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib və onların tutulması üçün intensiv iş aparılır.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, Fərrux Qasımov dini ayinlərə əməl etsə də, kriminal aləmə meyilli şəxslərdən olub. 2006-cı ildə Lənkəran sərhəd dəstəsində hərbi xidmət keçən Qasımov orta təhsillidir. O, bir müddət əvvəl Kərbəla ziyarətində də olub. Bir müddət də Gəncə şəhər icra hakimiyyətinin yaxınlığında yerləşən köşkdə işləyib.
Qasımovun sosial şəbəkə hesabına diqqət yetirsək, onun daha çox dini paylaşımlara üstünlük verdiyini görərik.