Gəncədə “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsinə start verildi – VİDEO

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çağırışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında Azərbaycan Türkiyə İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfıratın dəstəyi ilə “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində Gəncədəki şəhid və qazi ailələrinə sovqatların çatdırılmasına başlanılıb.

Layihəsi çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, millət vəkilləri Naqif Həmzəyev, Müşfiq Cəfərov Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin nümayəndələri ilə birlikdə şəhid ailələrini ziyarət ediblər.

Şəhid ailələri ilə görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başcısının birinci müavini Səməd Tomuyev torpaqlarımızın azadlığı uğrunda canından keçən hər bir qəhrəmanın ailə üzvlərinin dövlətə əmanət olduğunu, daim ən yüksək diqqət və qayğı ilə əhatə olunacağını qeyd edib.

Bu kimi tədbirlərdə birmənalı olaraq yaxından köməklik göstərən YAP Gəncə şəhər təşkilatı bu dəfə də şəhid ailələrinə dəstəyini nümayiş etdirib. Partiyanın könüllü gəncləri sovqatların ailələrə çatdırılmasında öz köməkliklərini əsirgəməyiblər. “Tək Millət, Tək Ürək” humanitar qardaşlıq yardım aksiyasında millət vəkilləri Naqif Həmzəyev və Müşfiq Cəfərov şəhid ailələrinin problemləlri ilə maraqlanıb, onların həlli istiqamətində zəruri addımların atılmasında lazımı köməklik göstərəcəklərini ifadə ediblər.

Qeyd edək ki, “Tək Millət, Tək Ürək” beynəlxalq humanitar qardaşlıq layihəsi Gəncədəki bütün şəhid və qazi ailələrini əhatə edəcək.