Ötən gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev keçirdiyi iclasda Bakının Nardaran qəsəbəsində baş verən hadisələri pisləyərək, onların hərəkətlərinin yolverilməz olduğunu bildirib.
İcra başçısı qeyd edib ki, təxribat Gəncədə hələ bir müddət əvvəl başlayıb və bununla əlaqədar 82 nəfər həbs edilib.
“Polis orqanları tərəfindən qətiyyətlə qarşısı alındı. 82 nəfər həbs edildi, qalanları qaçdı. Sonra onların hamısı məsuliyyətə cəlb olundu. Bütün bunlar bizdə təəssüf hissi doğurur. Çünki onlar da bizim vətəndaşlarımızdır. Amma təəssüf ki, bəzi adamların fitnəsinə uyaraq, belə bir yolu seçiblər”.
Elmar Vəliyevin bildirdiyi 82 nəfərin taleyi ilə maraqlandıq.
Gəncə şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsindən AzVision.az-a bildirilib ki, icra başçısının dediyi 82 nəfər Aşura mərasimləri zamanı ictimai asayişi pozduğu üçün saxlanılıb, barələrində cəza tədbirləri görüldükdən sonra sərbəst buraxılıblar.
“İcra başçısı dünənki toplantıda bunları nəzərdə tuturdu. Həmin ərəfədə 82 nəfər saxlanılmışdı. Daha sonra onlar sərbəst buraxıldılar”-deyə İcra Hakimiyyətindən bildirdilər.