Gəncədən olan ailənin Almaniyadakı “xristian” qalmaqalı

Almaniyada azərbaycanlı miqrantlarla bağlı qalmaqal yaranıb.

Yenicag.az haqqın.az-a istinadən xəbər verir ki, “Sueddeutsche Zeitung” qəzeti azərbaycanlı ailənin Almaniyada qalmaq üçün fərqli üsula əl atıblar.

Qəzetin məlumatına əsasən, 37 yaşlı Aliyə (soyadı qeyd olunmur –red), onun əri və iki oğlu Münhendə yerləşən katolik kilsəsində xaç suyuna salınıblar. Ayin keşiş Karl Stroker tərəfindən həyata keçirilib. İlkin olaraq, bütün ailə bir neçə həftə ərzində bu mərasim üçün hazırlıq kurslarında iştirak edib.

Aliyənin sözlərinə görə, o hələ Azərbaycanda ikən xristianlığı qəbul edib. Hadisədən xəbər tutan dayısı onu və ailəsini ölümlə hədələyib. Buna görə də, Aliyə ailəsilə birlikdə Gəncədən Almaniyaya köçüb.

Qadın bildirib ki, yalnız Almaniyada özünü təhlükəsizlikdə hiss edir. Lakin qohumlarının onları burada da tapacağını istisna etməyib.

Aliyənin sözlərinə görə, Gəncədə dini inancına görə, hətta onun kiçik oğlu belə təqiblərə məruz qalıb. Belə ki, məktəbdə onu sinif yoldaşları daşa basıblar.
Qeyd edək ki, Aliyə Münhen hava limanında xadimə kimi çalışır. Bu isə ona ölkədə yaşamaq hüququnu almaq imkanı verir.

Qəzet yazır ki, adətən, katolik kilsəsi müsəlman ölkələrindən gələn qaçqınları xaç suyuna salmaqda tərəddüd edir. Çünki miqrantlar çox vaxt bu ayini qaçqın statusu almaq üçün həyata keçirirlər. İstənilən halda, miqrantlara öncədən xəbərdarlıq olunur ki, xaç suyuna salınmaqları onların ölkədə yaşamaq hüququ əldə etməklərinə zəmanət verməyəcək. Düzdür, miqrasiya məsələləri üzrə federal idarə (BAMF) bu ayinin həyata keçirilməsini son nəticədə nəzərə alır. Aliyə isə katolik kilsəsinin işçilərini əmin edib ki, onun ailəsinə öz vətənində real təhlükə var.

Lakin miqrasiya məsələləri üzrə federal idarə Aliyənin deportasiya edilməsinə təkid edib. Belə ki, onun irəli sürdüyü iddialar qurumu qane etməyib. Qurum öz imtina qərarını Azərbaycanda xristianlara qarşı heç vaxt təzyiq edilməməsilə ilə izah edib.

Hazırda Aliyə və onun vəkilləri qurumun onları Azərbaycana deportasiya etmək qərarından apellyasiya şikayəti verib.

Yenicag.az

COP29