Gəncənin icra başçısına sui-qəsdlə bağlı 12 nəfər saxlanıldı

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsdlə əlaqədar 12 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, icra başçısına qarşı terror aktı törətmiş Yunis Səfərovla yanaşı daha 11 nəfər saxlanılıb.

Saxlanılan şəxslər aşağıdakılardır:

1. Səfərov Yunis Rafiq oğlu – 1983, Gəncə şəhəri;
2. Zeynalov Firudin Etibar oğlu – 1982-ci il Tərtər rayonu;
3. Zalov Cəfər Mürsəl oğlu – 1977, Gəncə şəhəri;
4. Əzizov Mahir Əziz oğlu – 1986, Yevlax şəhəri;
5. Əliyev Muraz Mətləb oğlu, 1989, Gəncə şəhəri;
6. Abdullayev Hamlet Ramiz oğlu, 1978, Gəncə şəhəri;
7. Ələkbərov Fikrət Balaqardaş oğlu, 1979, Bakı şəhəri;
8. Həsənov Rauf Rövşən oğlu, 1983 Gəncə şəhəri;
9. Paşayev Ramil Famil oğlu, 1980, Gəncə şəhəri;
10. Salahov Ceyhun İsrail oğlu, 1972-ci il, Gəncə şəhəri;
11. Mustafayev Rasim Hafiz oğlu, 1980, Gəncə şəhəri;
12. Zahidov Elmir Savadxan oğlu, 1996-cı il, Neftçala rayonu.

Qeyd edək ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizlik Xidməti (DTX) Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücumla bağlı yaydığı birgə məlumata görə, 2018-ci il iyul ayının 3-də Gəncə şəhərində anadan olmuş Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istinaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, Rusiya vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır. O, 2016-cı ildə İrana gedərək 8 ay Qum şəhərində yaşayıb və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib.

2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlib, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün “Kapitalbank”ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək “Makarov” markalı xidməti tapançasını ələ keçirib. Bundan sonra, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyevi izləyib, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralyıb hadisə yerindən qaçıb.

Cari il iyul ayının 3-də isə Gəncə şəhər İcra Hakimiyyətinin qarşısına gələrək, qeyd olunduğu kimi, Elmar Vəliyevi və onun yanında olan polis əməkdaşını qətlə yetirməyə cəhd edib.

Araşdırmalar göstərib ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub. O, bu məqsədini həyata keçirmək üçün “Müsəlman birliyi hərəkatı” adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərib və iyul ayının 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tuacağı halda həmin müraciətin respublikada yayılmasını nəzərdə tutub.

Videomüraciətdə Yunis Səfərov “Müsəlman birliyi hərəkatı”nın sədri Taleh Bağırzadənin üç körpəsini başsız qoyan şəxsi öldürmüşəm, bundan nümunə götürün. İslamın düşmənlərini öldürün, Azərbaycanda hakimiyyəti islam birliyi ələ almalıdır” deyərək, ölkə əhalisini respublikanın vəzifəli şəxlərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış edib.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Yunis Səfərovla birgə cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstənin üzvlərindən daha 3 nəfər tutulub. Bu cinayətkar dəstənin digər üzvlərinin müəyyən edilib məsuliyyətə cəlb olunması üçün tədbirlər davam etdirilir.

Terror aktlarına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edənlərə qarşı qanunla müəyyən edilmiş ən ciddi tədbirlər görüləcək.

Müvafiq cinayət işi üzrə istinaqın gedişi haqqında əlavə məlumat veriləcək.

COP29