Gənclər Fondu fərqlənən tələbələrin təhsil haqlarını ödəyəcək – MÜSABİQƏ / FOTO + VİDEO

Milli qəhrəmanların övladları, əlil gənclər, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş tələbələr də bu imkandan yararlana biləcəklər.

Yenicag.az xəbər verir ki, bu barədə noyabrın 6-da “Globus Center”də keçirilən mətbuat konfransında çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib.

Fərid Cəfərov qeyd edib ki, bu addım işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinin və COVID-19 pandemiyası ilə gərgin mübarizənin davam etdiyi bu günlərdə vətəndaşlarımızın, o cümlədən, gənclərin təhsil, inkişaf, sosial rifah məsələlərini diqqət mərkəzində saxlayan Azərbaycan prezidenti İlham Əliyevin müvafiq göstərişi ilə atılıb.

Ölkə başçısının təşəbbüsü ilə bu günə qədər bir sıra sosial həssas kateqoriyadan olan tələbələr təhsil haqqından azad edilib, həmçinin yeni növ koronavirus pandemiyası ilə əlaqədar minlərlə tələbənin təhsil xərcləri dövlət tərəfindən ödənilib.

Ali və orta ixtisas məktəblərində təhsil alan və yüksək göstəriciləri ilə fərqlənən tələbələrin təhsil xərclərinin Gənclər Fondu tərəfindən ödənilməsi üzrə müsabiqə də bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Fərid Cəfərov vurğulayıb ki, müsabiqə zamanı tələbənin təhsil göstəriciləri və ictimai fəallığı əsas götürüləcək. Eyni zamanda, Milli qəhrəmanların övladları, əlil gənclər, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olanlar, valideynlərindən biri əlil olanlar (I, II qrup) və aztəminatlı ailədən olan gənclər nəzərə alınacaq. Müraciətlərin qiymətləndirilməsi zamanı ali təhsil müəssisələri və Azərbaycan Tələbə Gənclər Təşkilatlarının rəylərinə də istinad olunacaq.

Maliyyələşmə 2019-20-ci və ya 2020-21-ci tədris ili üçün təhsil haqqı xərclərini əhatə edəcək.

Müsabiqənin qaydaları ilə tanış olmaq və qeydiyyatdan keçmək üçün Gənclər Fondunun rəsmi saytı (www.youthfoundation.az) və GəncAPP mobil tətbiqinə müraciət etmək lazımdır. Müraciətlər noyabrın 30-u saat 18:00-dək qəbul ediləcək. Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində yerləşdiriləcək.

Gülşən Şərif
Cavid Qaçayev