Gənclər Fondundan gənclərə “Xaricdə təhsil” müjdəsi – Nəqliyyat və yaşayış xərcləri də qarşılanacaq

Bu gün Gənclər Fondu “Xaricdə təhsil” proqramı ilə bağlı mətbuat konfransı keçirib.

Yenicag.az xəbər verir ki, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun rəhbərliyi ilə keçirilən mətbuat konfransında “Xaricdə təhsil” proqramı haqqında media nümayəndələrinə geniş məlumat verilib.

İcraçı direktor Fərid Cəfərov Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”nə uyğun olaraq gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili üçün maliyyələşdirilməsinin Fonda həvalə edildiyini vurğulayıb. Buna müvafiq olaraq da artıq bu gündən etibarən Azərbaycan Respublikasının Gənclər Fondunun gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin müəyyənləşdirilməsi üzrə müsabiqə elan etdiyini açıqlayan Fərid Cəfərov Fondun Avropanın ali məktəblərində 74 ixtisas üzrə magistr təhsilini maliyyələşdirəcəyini bildirib.

Fərid Cəfərov onu da qeyd edib ki, ABŞ və Böyük Britaniyanın ilk 100-lüyündə yer alan universitetlərdə magistr pilləsi üzrə təqaüd qazanmış gənclərin də nəqliyyat və yaşayış xərcləri Fond tərəfindən qarşılanacaq.

Jurnalistlərin suallarını cavablandıran İcraçı direktor “Xaricdə təhsil” proqramını əvvəllər Təhsil Nazirliyinin həyata keçirdiyini və Gənclər Fonduna həvalə edilmiş bu proqramın həyata keçirilməsində nazirliyin təcrübəsindən yararlanılacağını qeyd edib. Büdcənin miqdarı barədə suala cavab verən Fərid Cəfərov onun hələ müəyyənləşdirilmədiyini, ayrılacaq vəsaitin müraciət edən gənclərin sayından asılı olacağını vurğulayıb.

Müraciətlərin necə dəyərləndirilməsi və əsas meyarların nə olması məsələsinə də aydınlıq gətirən Fərid Cəfərov müraciət etmiş gənclərin Universitetə qəbul balları və Universitet ortalamasının əsas götürüləcəyini, boloniya sistemi üzrə ortalaması 91 baldan yuxarı və müvafiq dil üzrə İELTS, TOEFL sertifikatı olanlara müsabiqədə üstünlük veriləcəyini bildirib.

Əvvəllər dövlət hesabına xaricdə magistr pilləsi üzrə təhsil almış şəxslərin müsabiqədə iştirak edə bilməyəcəyini bildirən İcraçı direktor bakalavr təhsilini öz hesabına xaricdə almış gənclərin də proqramdan yararlana biləcəyini vurğulayıb.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən 16-29 yaş arasında Azərbaycan Respublikasının vətəndaşları magistr təhsil pilləsi üzrə prioritet ixtisaslara qeyd edilən universitetlərdən hər hansı birinə qəbul olaraq müraciət edə bilərlər. Müsabiqəyə müraciət 23 may 2019-cu il tarixindən 23 iyun 2019-cu il saat 18:00-dək qəbul olunur. Müraciət etmək istəyən gənclər Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi saytında (www.youthfoundation.az) qeydiyyatdan keçib kod və şifrə əldə etdikdən sonra saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub sayt üzərindən Fonda göndərməlidirlər. Müraciətçilər prioritet ixtisasların siyahısı, seçim meyarları, müraciətin forma və şərtləri, tələb olunan sənədlər, müraciətə baxış mərhələləri, Gənclər Fondu tərəfindən qarşılanacaq xərclər barədə daha ətaflı məlumatları Fondun rəsmi saytından (www.youthfoundation.az) əldə edə bilərlər.

Aqil Bəkir