Gənclər günü, gənclərlə günü, gənclərin günü – Səxavət Məmməd yazır

Metroda üzlərə baxıram. Çoxlu gənclər var. Bəziləri yuxulu, bəziləri fikirli, bəziləri sıxıntılı, biri isə qalstukda sinəsini irəli verib, tələsir. Bir az internetdə qurdalandım, tapdım, aktiv gənclərdən biridir. Sosial şəbəkədə hər paylaşımına görə təhqir edilir, söyüş yiyəsi olur. Ancaq bəzi qurumlar üçün ölkənin ən aktiv gənci sayılır, qabağa çəkilir. Savad deyirsən, yoxdur, fiziki görünüş deyirsən, qız olsan, baxmayacağın tipdə, di gəl ki, layihələr udur, yaxşı pul əkişdirir, yeri gəlmişkən, “moşşeynik”liyi də var. Yuxulular işə, dərsə, nə bilim, hansısa probleminin arxasınca qaçır, bu gənc isə tədbirə. Ölkədəki gənclərin yağ bal içində yaşadığından danışacaq, gənclər üçün bütün qapıların açıq olduğunu uyduracaq. Bir qədər də pul silməyi öyrənib peşəkarlaşandan sonra onu bir təşkilata rəhbər də qoyacaqlar. O da özünə oxşayanları başına yığacaq, kimə əl çalmağa adam lazım olsa, sürü kimi göndərəcək ora.

Gənclik, bəlkə də, ən çox tənqid edilən sahələrdən biridir. “İndiki gənclik savadsızdır”, “indiki gənclik əxlaqsızdır”, “indiki gənclikdən əlimi üzmüşəm” tipli say-say bitməyən ifadələr eşidirdik. Bivec deyilən bu gənclik getdi Qarabağı işğaldan azad etdi. Öldü, öldürdü, özündən söz etdirdi, öz üzərinə düşəni artıqlaması ilə yerinə yetirdi.

Gənclik nədir? Gənclik etirazdır. Gənclik evdə ataya, anaya, qohuma etirazdır, çöldə özündən yaşda böyüklərə, müəlliminə, işdə müdirinə etirazdır. Gənclik dalaşıb, evdən çıxıb yaşamağı öyrənməkdir. Gənclik başın daşdan-daşa dəyən vaxtıdır. Gənclik üsyandır. Gənclik dəyişdirmək arzusunda olmaq deməkdir. Ən nəhayət, gənclik sonda özünü tapmaqdır.

Bizdə gənclik daha çox yaranmaqdır. Dəyişdirmək yox, uyğunlaşmaq, yaltaqlıqla, trolluqla istədiklərinə çatmaqdır. Elə gənclər var ki, ölkədə nəyisə tənqid edəndə masanı tərk edir. Səbəbini dəfələrlə soruşmuşam. Hamısı da eyni şeyi deyib, eşidib edərlər, təşkilatıma qrant verməzlər. Bilirsiniz, niyə qorxur? Çünki ora öz gücü, intelekti, istedadı ilə gəlməyib. Gəncliyin düşünmək imkanı yoxdur. Gözünü açılmamış ağır həyatla üzləşir. Əsas iş olsun deyib, işləyir. Gənclik müxtəlif gənclər təşkilatları ilə məhv edildi. Müxalif təşkilatlar gənc qızları, oğlanları ayrı cür məhv elədi, hökumət yönümlülər ayrı cür. İndi təşkilatlara da gərək yoxdur. Narkotiklər, klublar, barlar, fahişəlik, geylik öz işini görür. Ola bilsin, bu gün bu kimlərinsə işinə yarayır? Bəs sabah?

Bu ölkədə bir də gənclərlə günü olan adamlar, qurumlar var. Bir qərinəlik müstəqillik yaşımız var. Hakimiyyətdə də, demək olar, eyni üzlər, eyni simalar, müxalifətdə də. Müxalif partiyalar bir nəfər də olsun gənc yetişdirə bilmədi. Müxalifət üçün gənclər sadəcə olaraq müəyyən zaman üçün lazımlı olur, yetişən kimi dərhal uzaqlaşdırılır, yerinə başqa biri gəlir, ancaq simalar eyni qalır. Hakim partiya bəyan edir ki, 700 min üzvü var, ancaq bir nəfər siyasətçi yetişdirə bilməyib. Gənc kadrlara baxın, hamısı biznes sektorundan gəlib. Ola bilsin, partiya üzvlüyü olub, ancaq indi də partiyanın harada olduğunu bilmir.

Gənclər yaşamaq uğrunda mübarizə aparır. Gənclər hansı sahəyə yönəlirsə, yeni işə başlamaq istəyirsə, müdirlərin beyninə gələn ilk şey “az maaşa istismar ediləsi hərif” olur. Ölkədə bütün sahələrdə işçi kimi yalnız qadın axtarışı var ki, bunun da səbəbi məlumdur.

Xaricdə təhsil alıb orada karyera quran gənclərimiz də var. Hətta elə gənclərimiz var ki, oxuyur, mütəxəssis olur, deyir, gedim dövlətimə xidmət edim. Gəlir, bir ayı tamam olmamış neçə qaçanını da tanıyıram.

Gənc ev ala bilmir. Gənc üçün elə ipoteka şərti qoyurlar ki, bunun altından çıxmaq üçün gərək vəzifəli birinin ailəsinin gənci olasan. Əlində iki diplomu olan gənc ailəsini saxlamaq üçün xaricdə işləməyə gedir.

Yaşlı adamlarla söhbət edirsən. Deyirlər ki, çalışıram, uşağa bir şərait qurum, cəhənnəm, evi olsun, heç olmasa. Bilirsiniz, niyə? Çünki o yaşlı adam bilir ki, gənc öz gücünə istədiklərini edə bilməyəcək. Gənclərin güvənc yeri dövlət yox, ailələridir. Vay o günə, ailənin imkanı olmasın. Heç nə, olacaqsan gənc sürünən.

Əgər bir ölkədə gənclik dövlətə güvənmirsə, sabah o dövlətin gələcəyi necə olacaq? Azərbaycan gənc dövlətdir. Azərbaycanın qurulmasında meydanda olanlar gənclər idi, müharibədə torpaqların tam işğal olunmaması üçün döyüşən də gənclər oldu, sonra torpaqlarını işğaldan azad edən də gənclər oldu. Bu ölkədə gənclər ancaq ölüb-öldürməyə yarayır.

Deyəsən, bu ölkə insanının alın yazısıdır “cavanlığım da bir zibil olmayıb” lətifəsi.

Gənclər gününüz mübarək!

COP29