Bu gün Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Romance Palace”də “02 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə təltif olunan gənclərin mükafatlandırılması mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin deputatı Ziyad Səmədzadə, elm və incəsənət xadimləri, media nümayəndələri və tələbələr iştirak edib.
Tədbiri açılış sözü ilə başlayan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkədə son illər ərazində həyata keçirilən gənclər siyasətindən bəhs edib və bu siyasət nəticəsində ölkə gənclərinin Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında rolunun artmasını qeyd edib. Hər bir ölkənin inkişafında onun gənclərinin əhəmiyyətinin yüksək olduğunu vurğulayan icra başçısı Azərbaycan gənclərinin də ölkənin gələcəyində mühüm nailiyyətlər əldə edəcəyindən əminlik duyduğunu söyləyib. O, bunun üçün dövlət səviyyəsində lazımi tədbirlərin həyata keçirildiyini bildirib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Ziyad Səmədzadə sözügedən tədbirdə iştirak etməsindən qürur duyduğunu, Azərbaycan gəncliyinin inkişafının ürəkaçan olduğunu bildirib. Təltif olunan gəncləri təbrik edən deputat, gələcək həyatlarında da onlara uğurlar arzulayıb.
Daha sonra mükafata layiq görülən gənclərin təltifetmə mərasimi keçirilib.
Tədbir musiqi nömrələri və digər şənliklərlə davam edib.