Gənclər niyə evlənməkdən QORXURLAR? – “Dövlət onlara yeni təminat verməlidir”

“Bu ilin statistikasına əsasən, 22 min nikah və 10 mindən çox boşanma halları qeydə alınıb. Bu. ilk 7 ay üçün çox böyük faciəvi vəziyyətdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.

O, son dövrlərdə gənclərin gec evlənmələrinin müxtəlif səbəbləri ilə bağlı danışarkən bildirib ki, burada əsas səbəb boşanma qorxusu, seçimlərinin yanlış ola bilməsi və bu kimi psixologiyaları gənclərin özlərində aşılamalarıdır:

“Bu gün ölkədə bağlanan hər iki nikahdan biri, mütləqdir ki, boşanma ilə nəticələnir. Adətən, bu yeni evliliklərdə öz əksini tapır. Səbəblər isə müxtəlifdir. Sosial-maddi problemlər, sosial təminatsızlıq, mənəvi deqradasiya və s. buna misal ola bilər. Bu boşanmaları müşahidə edən gənclər evlilikdən qaçırlar. Ümumiyyətlə, nikaha girməyin özü də uzun prosesdir. Nikaha girmək və ailə məsuliyyətini anlayan gənclərin bunu həyata keçirməsi üçün vacib olan sosial təminatlar da azdır. Bu da maaşların azlığı, işsizlik və digər başqa səbəblərlə izah olunur”.

“Düzdür, kiçik xərclərlə bu prosesləri həll etmək olur, lakin müasir gənclər o kiçik xərclərə qane olmadığı üçün bir hallarda həmişə hər şeyin ən yaxşısını etməyə çalışırlar. Nəticədə də borcları çoxalır və toydan sonra o borc yükünün altında əzildikləri üçün bu, boşanmaya qədər gedib çıxır.

Bundan əlavə, dövlət özü də yeni evli cütlüklərə maddi yardım göstərməlidir, çünki ailə dövlət üçün qurulur və biz demoqrafik artıma öz töhfəmizi ailə qurduqdan sonra veririk. Hazırda bu gün demoqrafik artımda bu qədər problem varsa, əhali addımında ciddi formada azalmaya gediriksə bu dövlət üçün də bir problemdir. Ona görə də, dövlət yeni təminatlar verməli, evsizlərin problemi həll olunmalı, “uşaq pulu” ilə bağlı ciddi formada ölçülər götürülməlidir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, bundan başqa, nikahdan imtina edib vətəndaş nikahı yaşayan insanlarda bir ayrı məsələdir:

“Əslində, vətəndaş nikahını nə qədər də ört-basdır edib müxtəlif adlar altında yumşaltmağa çalışsalar da, vətəndaş nikahı əxlaqsızlığın normallaşdırılmasıdır. Əgər dövlət sənin ailəni rəsmi formada tanımırsa və bunun üçün cütlüklərə evlilik haqqında sənəd tətbiq edilməyibsə, həmin ailə dövlətin nəzərindən kənarda qalır. İki vətəndaşın qarşılıqlı münasibəti ilə ailə olunmur. Bu, Azərbaycan Respublikasının Qanunvericiliyinə də ziddir və bu kimi vətəndaşlar ya cərimə olunur, ya da məsuliyyətə cəlb olunurlar”.

“Daha çox vətəndaş nikahına isə ailə dəyərlərinə əhəmiyyət verməyən, ona dırnaqarası yanaşanlar girir. Bunun maddi-sosial problemlərlə heç bir əlaqəsi yoxdur. Sadəcə, bunu ictimaiyyətə müasirlik, yeni dəyərlər altında təlqin etməyə çalışırlar. Bu kimi hallara yol vermək olmaz və bunun üçün ciddi addımlar atılmalıdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Mayıl Soltanov